Qazaxıstanın Adırna Folklor və Etnoqrafiya Musiqi Ansamblı və Altınay Dövlət Rəqs Ansamblı bu ölkənin müstəqilliyinin 27-ci ildönümü münasibətilə dekabrın 12-də Ankarada konsert proqramı ilə çıxış etdi.
Qazaxıstanın Türkiyədəki səfirliyinin təşkil etdiyi konsert proqramında Türkiyə Prezidentinin baş müşaviri Yalçın Topçu, Xaricdəki Türklər və Qohum Cəmiyyətlər Başqanlığının (Yurtdışı Türkler ve Akraba Topluluklar Başkanlığı – YTB) sədr müavini Sait Yusuf, TÜRKSOY baş katibinin müavini Fırat Purtaş, digər qonaqlar iştirak edirdi.
Qazaxıstanın Türkiyədəki səfiri Abzal Saparbekulı çıxışında mədəni tədbirlərin iki ölkə arasındakı əlaqələrin inkişafında rolundan bəhs etdi: “Bu cür tədbirlər bir-birimizi yaxından tanımağa vəsilə olur, qardaşlığımızı daha da qüvvətləndirir. Qazax xalqı türk tarixinin bir parçasıdır”.
Yalçın Topçu Qazaxıstanın həm Türküstan coğrafiyası, həm də bütün dünyada mühüm rolu və mövqeyinə diqqət çəkdi.
Çıxışlardan sonra konsert proqramı təqdim olundu. Konsertdə Türkiyə sənətçisi Feryal Başel həm aparıcılıq etdi, həm də həmkarları ilə qazaxca mahnılar oxudu.
Sonda ifaçılara mükafatlar təqdim edildi.
Mehparə SULTANOVA
Ankara