Gürcü rəssamın tarix və mifologiya üzərindən psixoloji qatlara səyahəti

Xəbər verdiyimiz kimi, Gürcüstanın tanınmış rəssamı Vaciko Çaçxianinin “YARAT” Müasir İncəsənət Mərkəzində təşkil edilən “Milçəklər dişləyir, yağış yağacaq” adlı fərdi sərgisi dekabrın 14-dən ziyarət üçün açılıb. Bir gün öncə isə sərgi ilə bağlı press-tur təşkil edilib.

“YARAT” Müasir İncəsənət Mərkəzinin bədii direktoru, sərginin kuratoru Suad Qarayeva Maleki bildirib ki, rəssamın müxtəlif təsviri texnikaların sintezini özündə birləşdirən tamamilə yeni əsərləri təqdim edilir. Bu texnikalardan sənətkar əvvəllər də miflər, ənənələr və mənəvi irsin əsaslı şəkildə marağı üzərində qurulmuş öz immersiv dünyasını yaratmaq üçün istifadə edib.

Qurumuş ağaclardan quraşdırılmış monumental meşə instalyasiyası özündə antik dövründən və digər tarixi keçmişdən olan heykəlləri cəmləşdirir. Taxta pyedestallarda yerləşdirilmiş köhnə, sınıq-salxaq heykəllər pazlarla bərkidilib və onlar heykəlləri birbirinə sıxıb saxlayır. Burada Gürcüstan sanki öz qədim mifologiyası (Prometeyin Qafqaz dağlarında qayalara zəncirlə bənd edilməsi haqqında əfsanə) və nisbətən yaxın, daha çox ağrılı-acılı keçmişi arasında ilişib qalıb.

Bu “keçilməz” meşədən azca aralıda, taxtadan hazırlanmış üç anbar var və onlar Gürcüstanın kənd tikililəri kimi təqdim edilir. Onlardan ikisi öz donuq və tutqun şüşəli pəncərələri ilə Gürcüstanın verandalarını xatırladır. Bu tikililər də insanı nostalji hislərə qapadan istirahət məkanları, ailə ilə keçirilən gözəl vaxtlar, insanın öz fərdi səviyyəsində yaşatdığı xatirələri, onun mədəni irsi ilə çətin və mürəkkəb əlaqəsinə istinad edir. Ölçüsü nisbətən kiçik anbarda isə “Milçəklər dişləyir, yağış yağacaq” adlı yenicə işıq üzü görən film nümayiş etdirilir. Sərginin adı da məhz bu filmdən götürülüb...

Rəssama görə, sərgi tarix və mifologiya, habelə onların müasir psixologiyanı necə formalaşdırması haqqındadır.