Dekabrın 19-da Xətai Sənət Mərkəzində “Azərbaycan Xalq Cümhuriyyəti ili” çərçivəsində “Doğma diyar” Respublika uşaq rəsm müsabiqəsinin yekun sərgisinin açılışı oldu.
Mədəniyyət Nazirliyi, Azərbaycan Rəssamlar İttifaqı, Azərbaycan Televiziya və Radio Verilişləri QSC, Xətai Rayon İcra Hakimiyyəti, 3 nömrəli Uşaq gənclər inkişaf mərkəzinin dəstəyi, Azərbaycan Dövlət Rəsm Qalereyası və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə gerçəkləşən sərginin birinci günü 12 yaşa qədər uşaqların əl işləri təqdim olundu. Tədbirin ikinci günü (20 dekabr) isə bu məkanda 12-17 yaş arası uşaqların əl işləri sərgilənib.
Müsabiqəyə 700-ə yaxın uşaq 1800-ə qədər rəsmini təqdim edib. Münsiflər heyətinin qərarı ilə 12 yaşa qədər 165 uşağın 170 işi və 12-17 yaş arası 135 uşağın 140 işi sərgiyə çıxarılıb.
Tədbiri giriş sözü ilə Rəssamlıq Akademiyasının dosenti Samir Sadıqov açaraq müsabiqənin əhəmiyyətindən danışdı. Bildirdi ki, müsabiqənin keçirilməsində məqsəd uşaqlarda estetik zövqün formalaşdırılması, onlarda bədii yaradıcılığın stimullaşdırılması, ətraf mühitin mühafizəsi, milli adət-ənənələrin təbliği, vətənə məhəbbət hissinin aşılanması, istedadlı uşaq və gəncləri üzə çıxarmaqdır.
Xalq rəssamı Ağaəli İbrahimov çıxışında müsabiqəyə təqdim edilən rəsmlərin əksəriyyətinə baxdığını dedi: “Üç yaşından 17 yaşadək uşaqların rəsmiləri ilə tanış oldum. Uşaqlar xalqımızın folklorunu, tarixini həvəslə oxuyur və öyrənirlər. Bunu onların rəsmlərində də görmək mümkündür”.
Xətai Sənət Mərkəzinin direktoru Zahid Əvəzov, Xalq rəssamı Arif Hüseynov, Əməkdar incəsənət xadimi Ziyadxan Əliyev çıxış edərək müsabiqənin uşaqlarda sənətə maraq yaratmasından danışdılar. Bildirdilər ki, müsabiqə uşaqlarda milli folkloru, ədəbiyyatı və tarixi qəhrəmanlarımızı öyrənməyə maraq yaradır.
Çıxışlardan sonra uşaqlara diplom və sertifikatlar verildi.
Qeyd edək ki, hər iki sərgidən seçilən 20 əsər ilin sonunda Muzey Mərkəzində keçiriləcək Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş yekun tədbirdə nümayiş olunacaq.
Savalan FƏRƏCOV