Tanınmış şair Nurəngiz Günün 80 illik yubileyinə həsr olunmuş tədbir keçirildi

Nurəngiz Gün torpağını, millətini sevən ziyalı idi. Ürəyindəki yanğı, ağrı-acı, Vətən təəssübkeşliyi onun bütün şeirlərinə nüfuz edirdi.

Müəllifin şeirlərindəki bu ağrı Qarabağ dərdi, işğal altındakı torpaqlarımızın həsrətidir. Bu həsrət onu yatmağa da qoymur, yuxusunu ərşə çəkir, qəlbini göyüm-göyüm göynədirdi...

Bu fikirlər dekabrın 19-da Azərbaycan Dövlət Musiqili Teatrında tanınmış şair Nurəngiz Günün (1938-2014) 80 illik yubileyinə həsr olunmuş tədbirdə səsləndi.

Gecədə mədəniyyət nazirinin birinci müavini Vaqif Əliyev, dövlət rəsmiləri, Milli Məclisin deputatları, elm və mədəniyyət xadimləri, sənətkarın ailə üzvləri və ədəbi ictimaiyyətin nümayəndələri iştirak edirdilər.

Milli Məclisin Mədəniyyət komitəsinin sədri, akademik Rafael Hüseynov tədbirdə çıxış edərək şairin yaradıcılığından, şeirlərinin özünəməxsusluğundan danışdı.

Akademik bildirdi ki, Nurəngiz Günün 80 yaşının işığına toplaşmışıq. Əslində isə bu gecə şeirlərinin yaşı 40-dan bir az gənc olan şairin gecəsidir: “Nurəngiz xanım həyatı boyu şeirlə nəfəs alsa da, ədəbiyyatla yaşasa da, böyük ədəbiyyata 40 yaşında gəldi. Gəldi və bir gün kimi parladı. Nurəngiz Gün Azərbaycan ədəbiyyatında ilk gün deyildi. Şeir hər zaman gözəllərlə dolu olub. Qadın bütün zamanlarda şeirin əbədi qəhrəmanıdır. Dünyanın hər yerində və bütün zamanlarda qadının ədəbiyyatda olması, öndə gedən qələm sahibinə çevrilməsi nadir rast gəlinən hadisədir. Amma Azərbaycanın bu baxımdan bəxti gətirib. XII yüzillikdə Azərbaycanın Məhsəti Gəncəvisi, XIX əsrdə Xurşudbanu Natəvanı var idi. XX yüzilliyin sonlarında ədəbiyyatımızda Nurəngiz Gün adlı şairin səsi eşidilməyə başlandı”.

Rafael Hüseynov bildirdi ki, İncəsənət İnstitutunu (indiki ADMİU) aktyorluq ixtisası üzrə bitirən, Rza Təhmasib kimi böyük sənətkardan dərs alan Nurəngiz xanımı müəllimləri Milli Dram Teatrında görmək istəsələr də, o, radioya üz tutur, diktor olur. Bu müddət ərzində ədəbi aləmlə yaxından maraqlanır və yaradıcı insan kimi özünü ifadə etməyə başlayır: “Nurəngiz Günün bir çox şeirləri Vətənə həsr edilib. Diktor kimi çalışdığı zaman ədəbiyyata nüfuz edən Nurəngiz xanımın əlindən heç zaman Rəsul Rzanın və Nazim Hikmətin kitabları düşməzdi. O, bu ruhla tərbiyə alırdı, bu şeirlərin havasında yetişirdi. Belə böyük şairləri örnək alması onu bir şair kimi yetişdirdi, ədəbiyyatın qoynuna atdı”.

Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar unudulmaz Nurəngiz Günün yaradıcılığından və insani keyfiyyətlərindən söz açdı. Vurğuladı ki, ədəbiyyata “Tanrı” povesti ilə gələn Nurəngiz xanım sonradan istedadlı şair, publisist və gözəl insan kimi tanınıb. Onun şeirlərində qəm-kədər notları üstünlük təşkil edir. Bu kədər xalqımızın başına gətirilən müsibətlərdən qaynaqlanırdı. 20 Yanvar faciəsi, Xocalı soyqırımı, Qarabağ dərdi şairin yaradıcılığında yeni bir səhifə açmışdı. Bu faciələri öz başına gətirilən müsibətlər kimi dərk edirdi. Onun “Xocalı simfoniyası” bu mövzuda yazılmış ən təsirli əsərlərdən biridir. Nurəngiz Günün ən böyük xoşbəxtliyi özündən sonra zəngin irs qoymasıdır: “O, yaradıcılığa gec başlasa da, qısa müddətdə maraqlı əsərlər qələmə aldı. Təəssüf ki, biz onun haqqında keçmiş zamanda danışırıq. Ancaq deyə bilərəm ki, o, heç zaman unudulmayacaq, ədəbiyyatsevərlərin qəlbində daim yaşayacaq”.

Çıxışlardan sonra şairin ömür yolundan bəhs edən videoçarx nümayiş olundu, şeirləri əsasında hazırlanmış ədəbi-bədii kompozisiyalar təqdim edildi.

Sonda Nurəngiz Günün qızı, Milli Məclisin deputatı Jalə Əliyeva səhnəyə çıxaraq  tədbirin təşkilatçılarına və iştirakçılarına təşəkkürünü bildirdi.

F.HÜSEYNOV