Rejissor Corc Lukas ABŞ-ın ən varlı məşhurudur

Kinorejissor və “Ulduz müharibələri” fantastik kinoepopeyasının yaradıcısı Corc Lukas “Forbes” jurnalının versiyasına görə, 2018-ci ildə ən varlı məşhur amerikalı olub. “Forbes” 74 yaşlı rejissorun varidatını 5,4 milyard dollar həcmində qiymətləndirib.

Nəşrin saytında dərc edilən siyahıda ikinci yeri var-dövləti 3,7 milyard dollara çatan kinorejissor Stiven Spilberq tutub, üçüncü yerdə isə teleaparıcı Opra Uinfri (2,8 milyard dollar) qərarlaşıb.

Reytinqin ilk onluğuna keçmiş basketbolçu Maykl Cordan (1,7 milyard dollar), reper Cey-Zi (900 milyon dollar), illüzionist Devid Kopperfild (875 milyon dollar), yazıçı Ceyms Patterson (800 milyon dollar) və başqaları daxildir.

2018-ci il reytinqinin ilk 10 pilləsində yer alan məşhurların ümumi varidatı 18,7 milyard dollar təşkil edir ki, bu da öncəki illə müqayisədə 4 faiz çoxdur.

Jurnal qeyd edir ki, bu siyahıya öz varidatı ilə məşhurlaşan deyil, məhz ad-sanına görə varlanan ABŞ vətəndaşları düşə bilər.

SƏBİNƏ