Beynəlxalq əlaqələr üzrə ekspert, İsrailin “Cəmiyyət üçün beynəlxalq layihələr” təşkilatının rəhbəri Arye Qut Azərbaycan Dövlət Tərcümə Mərkəzində olub.

Qonaq Xocalı soyqırımından bəhs edən, müəllifi olduğu “Ağrı” əsərini tərcümə olunması üçün mərkəzin sədri Afaq Məsuda təqdim edib.

Afaq Məsud əsərə görə müəllifə minnətdarlığını bildirərək deyib: “Bu kitabı Azərbaycana duyduğunuz sevginizlə ərsəyə gətirməyiniz bütün insanlığa örnək olacaq nümunə, bir mesajdır”.

A.Məsud onu da diqqətə çatdırıb ki, Azərbaycan Dövlət Tərcümə Mərkəzində Xocalı faciəsi ilə bağlı sənədli xronika, fotolar və şahid ifadələri ilə hazırlanan “Xocalı – şahidlərin gözü ilə” sənədli-tarixi kitabı ingilis və rus dillərinə tərcümə edilərək nəşrə hazırlanıb. Kitabın müəllifi – Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənovdur: “Bu kitabların müxtəlif ölkələrdə, beynəlxalq kitab sərgilərində təqdimatlarını təşkil etməyi, müvafiq qurumlar vasitəsilə xarici universitetlərə, kitabxanalara, eləcə də kütləvi informasiya vasitələrinə çatdırmağı nəzərdə tuturuq”.

Qonağa mərkəzin son nəşrlərindən olan – tanınmış yəhudi yazıçısı Şolom Aleyxemin “Seçilmiş əsərləri” kitabı və “Tövrat”ın Azərbaycan dilinə tərcüməsinin yer aldığı “Xəzər” dünya ədəbiyyatı jurnalı hədiyyə edilib.