Əməkdar memar Elbay Qasımzadənin 70 illik yubileyinə həsr olunan film təqdim edildi

Dekabrın 26-da Azərbaycan Milli İncəsənət Muzeyində “Memar” sənədli filminin təqdimatı keçirildi. Ekran əsəri Əməkdar memar, Azərbaycan Memarlar İttifaqının sədri, professor Elbay Qasımzadənin 70 illik yubileyi münasibətilə hazırlanıb.

Tədbirdə dövlət və hökumət rəsmiləri, elm və mədəniyyət xadimləri iştirak edirdilər.

Mədəniyyət naziri Əbülfəs Qarayev tədbirdə çıxış edərək Elbay Qasımzadənin Azərbaycanın memarlıq sənətinə böyük töhfələr verdiyini bildirdi. Qeyd etdi ki, onun layihələndirdiyi memarlıq nümunələrinin paytaxtımızın gözəlləşməsində, onun yeni rakursda inkişafında mühüm yeri var. Elbay Qasımzadə həm memar, həm də ictimai xadim kimi hansı sahədə çalışmasından asılı olmayaq, öz bilik və bacarığını ortaya qoyub: “O, həmişə yeni ideyaları və üslubu ilə seçilib. Bu gün Milli İncəsənət Muzeyində yubileyinin qeyd edilməsi Elbay müəllimin öz arzusudur. Bu məkanda ilk dəfə belə bir yubiley tədbiri keçiririk. Düşünürəm ki, bu məntiqi bir hadisədir. Çünki muzey Azərbaycan incəsənətinin və memarlıq məktəbinin vəhdətini özündə əks etdirir. Eyni zamanda dövlət başçısı İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın iştirakı ilə yeni korpusun açılması bu muzeyi yeni bir mədəniyyət, yaradıcılıq mərkəzi kimi təqdim etmə imkanı yaradır”.

Elbay Qasımzadənin əməyinin dövlət tərəfindən qiymətləndirildiyini qeyd edən nazir vurğuladı ki, o, ulu öndər Heydər Əliyevin ölkəmizə rəhbərliyi dövründə də dövlət əhəmiyyətli bir çox layihələrin memarı olub, yaradıcılığı ilə memarlıq məktəbimizi zənginləşdirib. Bütün bunları yüksək dəyərləndirən Prezident İlham Əliyev dekabrın 25-də Azərbaycan memarlıq sənətinin inkişafında böyük xidmətlərinə görə Elbay Qasımzadənin “Şərəf” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb. Bu mükafat təkcə Elbay Qasımzadəyə deyil, bütün Azərbaycan memarlığına verilən bir qiymətdir.

Əbülfəs Qarayev sənətkara “Şərəf” ordenini təqdim etdi.

Mərasimdə Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Samir Nuriyev, Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru, professor Gülçöhrə Məmmədova, Azərbaycan Rəssamlıq Akademiyasının rektoru, Xalq rəssamı Ömər Eldarov, Azərbaycan Memarlar İttifaqı İdarə heyətinin katibi Fərhad Mollazadə, Azərbaycan Milli Elmlər Akademiyası Memarlıq və İncəsənət İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Ərtegin Salamzadə çıxış edərək sənətkara xoş diləklərini çatdırdılar.

Qeyd olundu ki, Elbay Qasımzadə yalnız Azərbaycanda deyil, xarici ölkələrdə də yaxşı tanınır, beynəlxalq memarlar təşkilatları ilə əməkdaşlıq əlaqələrinin qurulmasında, Azərbaycan memarlığının beynəlxalq aləmdə tanınması istiqamətində mühüm işlər görür. O, uzun müddətdir dərs dediyi Memarlıq və İnşaat Universitetində gənc memarların yetişməsində öz bilik və bacarığını əsirgəmir, onlara yol göstərir, tövsiyələrini verir. Vurğulandı ki, Elbay Qasımzadə həmişə təcrübəsi, səriştəsi ilə nümunə olmağı bacaran şəxsiyyətdir.

Tədbirdə yubilyara müxtəlif qurumlar adından fəxri fərmanlar təqdim olundu.  Sonda Elbay Qasımzadə çıxış edərək yubiley tədbirinə gələn bütün qonaqlara təşəkkürünü bildirdi. Yubilyar əməyinə və fəaliyyətinə göstərilən diqqətə görə ölkə başçısına minnətdarlığını bildirərək bu diqqəti bütünlükdə ölkəmizdə memarlara və memarlığın inkişafına verilən qiymət kimi dəyərləndirdi.

Yubiley tədbiri “Salnamə” studiyası tərəfindən lentə alınan “Memar” sənədli filminin nümayişi ilə davam etdi. Filmin rejissoru Şamil Əliyev, operatoru Rüfət Süleymanovdur.

L.AZƏRİ