Çinin Xeyluncian vilayətinin inzibati mərkəzi olan Xarbin şəhərində ənənəvi beynəlxalq buz və qar festivalı keçirilir.

1963-cü ildə əsası qoyulan və dünyada bu qəbildən ən böyük tədbir hesab olunan Xarbin festivalı çərçivəsində buzdan və qardan düzəldilən fiqurların sərgi və müsabiqəsi, donmuş Sonqxua çayında üzgüçülük turniri daxil olmaqla müxtəlif qış idman növləri yarışları da təşkil olunur. Qeyd edək ki, qışda soyuq Sibir küləklərinin hakim olduğu Xarbində orta aylıq temperatur mənfi 20 dərəcə təşkil edir. Axşam və gecə vaxtı temperatur bəzən mənfi 40 dərəcəyə enir.

Gələn il fevralın 28-dək davam edəcək festivalın ən çox maraq doğuran hissəsi “Buz və qar dünyası” sərgisidir. Sahəsi 600 min kvadratmetr olan sərgidə buzdan və qardan düzəldilmiş bina və qəsrlər, cizgi film qəhrəmanlarının heykəlləri, müxtəlif fiqurlar nümayiş olunur. Festival müddətində 15 milyondan çox turistin Xarbini ziyarət edəcəyi gözlənilir.

İLONA