2018-ci ildə hərraclara çıxarılan və inanılmaz qiymətlərə satılan 13 ən qeyri-adi əşyanın adı açıqlanıb. Onları əldə edən şəxslərin bir çoxunun adı gizli qalıb.
“Yatmış şir” adlanan şirin su mirvarisi Niderlandda keçirilən Venduhius hərracında 320 min avroya satılıb. Uzunluğu 2,8 inç (1 inç=2,5 sm) və çəkisi 4 unsiya (1 unsiya=31,1 qram) olan bu mirvari Avropaya Çindən gətirilib və 1700 il əvvəl cilalanıb. “Yatmış şir” uzun əsrlər tacirlər tərəfindən müxtəlif hökmdarlara satılıb.
Sovet “Luna-16” kosmik missiyasının Ayın səthindən 1970-ci ildə gətirdiyi süxurun hissəciyi Nyu-Yorkdakı Sotbi hərracında 855 min dollara satılıb. Bu əşyanı sovet kosmonavtikasının banisi Sergey Korolyovun həyat yoldaşı Nina Korolyova təqdim edib. Qaya süxurunun hissəciyi görkəmli konstruktora Sovet İttifaqında kosmosun tədqiqi sahəsindəki xidmətlərinə görə hədiyyə edilib.
Dahi alim Stiven Hokinqin adını daşıyan fond tərəfindən təqdim olunan əlil arabası Kristi onlayn hərracında 393 min dollara satılıb. S.Hokinq bu arabadan 1960-cı ildən 1990-cı ilin əvvəlinədək istifadə edib.
Assuriya çarı II Aşurnasirpalın dövrünə aid, üç min il yaşı olan heykəl Kristi hərracında rekord qiymətə - 31 milyon dollara satılıb. İraq ərazisindən gətirilən nadir sənət əsərini geri qaytarmaq üçün İraqın mədəniyyət naziri beynəlxalq təşkilatlar qarşısında məsələ qaldırsa da, buna müvəffəq olmayıb.
Zambiyadan gətirilən 5,655 karatlıq zümrüd kristalı noyabrda Sinqapurda keçirilən hərracda 28,4 milyon dollara satılıb. Afrika mədənlərində tapılan bu kristalın çəkisi 11 kiloqramdır.
Bunlardan başqa, 2018-ci ildə dünyanın müxtəlif hərraclarında 150 milyon il yaşı olan dinozavr skeleti (2,36 milyon dollar), Eyfel qülləsinin pilləkənləri (191 min dolar) və digər qeyri-adi əşyalara da böyük məbləğlər ödənilib.