“Science News” jurnalı tanınmış alimlərin iştirakı ilə 2018-ci ildə elm aləmində baş vermiş 10 ən böyük hadisəni müəyyən edib.
Jurnalın versiyasına görə, ilk yeri ABŞ və Avropa alimlərinin qlobal istiləşmə, planetin gələcəyi ilə bağlı apardıqları tədqiqatın nəticələri tutub. Bu tədqiqat, jurnalın yazdığına görə, bəşəriyyətin yaxın gələcəyi üçün yol xəritəsidir.
İkinci hadisə çinli alim He Jiankuyun süni mayalanma ilə 7 cütlüyün genində dəyişiklik etməsi, bunun nəticəsində genetik modifikasiya olunmuş körpələrin dünyaya gəlməsidir. Alimin sözlərinə görə, əkizlərin atası QİÇS xəstəsi olduğu üçün onların geninə müdaxilə edilib. Çinli alimin bu əməliyyatını pisləyənlər olsa da, bəzi elm adamları körpələrin sağlam doğulması baxımından ona haqq qazandırıblar.
“Science News”ə görə, elm aləmində üçüncü sensasiyalı hadisə ABŞ-da insanların “gen ağacı”nın dəqiq xəritəsi əsasında uzun illər öncə baş vermiş cinayətlərin üstünün açılmasıdır. Genealogiya sayəsində bu nailiyyət təqdir olunsa da, polis idarələrində DNT məlumat bazasının yaradılması və onun hamı üçün əlçatan olması geniş ictimai mübahisələr doğurub.
Dördüncü mühüm elmi hadisə astronomların və nüvə fiziklərinin neytrinoların yeni xüsusiyyətlərini müəyyən etməsi, bu hissəciklərin kosmosdan gətirdikləri enerjinin ölçülməsidir. Antarktidada yerləşən “IceCube” unikal teleskop-stansiyası bu enerjinin təsirini və neytrinoların buzlara çırpılması gücünü dəqiqliklə ölçə bilib.
Alimlərin Qrenlandiya ərazisindəki nəhəng kraterdə apardıqları tədqiqatlar və onların nəticəsində qədim dünyada iqlim dəyişikliklərinin müəyyən olunması elm sahəsində beşinci ən böyük hadisə kimi təqdim edilib. Tədqiqatın nəticələrinə görə, ilk buz dövrü 12 800 il öncə başlayıb və 11 700 il əvvəl başa çatıb. Qrenlandiya kraterinin də bu dövrdən qaldığı ehtimal olunur.
“Science News” jurnalının siyahısında digər mühüm elmi hadisələr sırasında həşəratların genləri üzərində aparılan araşdırmalar zamanı edilən yeni kəşflər, alkoqolun insan sağlamlığına təsiri ilə bağlı yeni tədqiqatların nəticələri, Mars planetində buzla örtülü gölün tapılması, iflic olanların yeni müalicə-bərpa üsullarının hazırlanması, Keniyada Daş dövrünə aid yeni tapıntıların aşkar olunması qeyd olunub.