Qırğızıstan kinematoqrafçılarının istehsal etdiyi “Ağacın nəğməsi” filmi yanvarın 14-də başa çatacaq 30-cu “World cinema now” kino festivalının beynəlxalq proqramında nümayiş etdirilir.

ABŞ-ın Kaliforniya ştatındakı Palm-Sprinqs kurort şəhərində keçirilən kinoforumda bu il 78 ölkədən 200 film nümayiş olunur.

Rejissor Aybek Dayırbekovun çəkdiyi “Ağacın nəğməsi” filmi ilk qırğız film-müziklidir.

Ötən il ekranlara çıxmış “Ağacın nəğməsi” filmində XVIII əsrdə Tyan-Şan dağlarının arasında baş vermiş real hadisələr öz əksini tapıb. Filmin süjeti əcdadlarının çox qədim zamanlarda qoyduğu qaydalarla yaşayan qəbilənin başçısı Bazarbayın ailəsinin və böyük qardaşının ölümündən sonra doğma yurdu tərk etməyə məcbur qalmış gənc Esenin üzləşdiyi olaylar üzərində qurulub. Məhəbbət hekayəsi kimi başlayan film Esenin tənha ovçu ilə təsadüfi görüşündən sonra gözlənilməz axarla davam edir.

Gülcahan MİRMƏMMƏD