Modaya maraq həmişə olub və olacaq. Belə bir məsəl var: “İnsanı geyiminə görə qarşılayıb, ağlına görə yola salırlar”. İnsanlar üçün onların nə cür görünməyi hər zaman vacib məsələlərdən biri olub. Bunun üçün nə etmək lazımdır? Əlbəttə, ilin rənglərinin və tendensiyaların izində olmaq və onları öz bədən və üz cizgilərinə uyğunlaşdırmaq.  

2019-cu il moda həvəskarlarına geyimdə öz şəxsi istəklərini müəyyən çərçivədə reallaşdırmaq imkanı verir. Moda saytları və dizaynerlər bildirirlər ki, bu ilin dəbi olaraq hipertrofiyalı formalar, böyük ölçülü qollar, həcmli, geniş biçimli paltarlar,  gen və qat-qat ətəklər, futuristik idman ayaqqabıları dəbdə olacaq.

Dizaynerlər bu il imicdə və geyimin seçimində daha cəsarətli, daha parlaq və daha fərdi eksperimentlərə meyilli olmağa çağırırlar. Məsələn, qızılı rəngli ziyafət geyimi ilə bir az geniş formada olan jilet geyinmək, yaxud ağır üst geyimi ilə şifon paltar.  2019-cu ili həm də disko üslubunun qayıdış ili adlandırmaq olar. Dəbli sferada özünü hiss etmək üçün yüngül sarafanlar, parlaq atlas gödəkcələr, gümüşü irihəcmli sırğalardan istifadə etmək olar. Ənənəvi parlaq və rəngli parçalardan olan geyimlər bu ilin dəbi sayılır. Həmçinin xanımlar üçün forma və ölçüləri vacib olmamaq şərti ilə kostyumlar da öz əhəmiyyətini qoruya bilib. İdman stilində geyimlər bu il də dəbdə qalacaq.

Təbii ki, dəb həm də gözəllikdir. Gözəl görünmək üçün həmişə bir səbəb var. Təbiətin rəngləri zahiri görünüşdə bir-birini əvəzləyəcək. Bu səbəbdən də hər kəs özünə yaraşan rənglərin harmoniyasından cəsarətlənib öz geyimində 2019 dəbini yarada bilər.

Hazırladı: Lalə AZƏRİ