Yanvarın 12-də “Uşaqların xoşbəxt gələcəyi” fondu və Azərbaycan Dövlət Rəsm Qalereyasının dəstəyi ilə “Ağ Şəhər” qalereyasında “Yeni nəfəs” adlı xeyriyyə satış-sərgisi keçirildi. Tədbirdə rəssamlar, mədəniyyət və ictimaiyyət nümayəndələri iştirak edirdi.
“Uşaqların xoşbəxt gələcəyi” fondunun təsisçisi və rəhbəri Nərgiz Babayeva çıxış edərək ölkəmizdə uşaqlara dövlət qayğısından, bu qayğının parlaq təzahürü kimi 2009-cu ilin “Uşaq ili” elan olunmasından danışdı. Qeyd olundu ki, Azərbaycan 1994-cü ildən BMT-nin Uşaq hüquqları haqqında Konvensiyasına qoşulub. O, bu sahədə dövlət siyasətindən bəhs edərək uşaqlara göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci-vitse prezident, Heydər Əliyev Fondunun rəhbəri Mehriban xanım Əliyevaya minnətdarlığını bildirdi.
N.Babayeva satış-sərgi haqqında məlumat verərək qeyd etdi ki, xeyriyyə məqsədi daşıyan tədbirdə rəssam Diləfruz Bağırovanın tələbələri və onun rəssam dostlarının əsərləri nümayiş olunur.
Azərbaycan Dövlət Rəsm Qalereyasının rəhbəri Qalib Qasımov, rəssam Diləfruz Bağırova və başqaları çıxış edərək satış-sərginin təşkil olunmasını təqdirəlayiq hal kimi qiymətləndirdilər, tədbirin təşkilində əməyi olan hər kəsə minnətdarlıqlarını bildirdilər.
Satış-sərgidə müxtəlif mövzuları əhatə edən 80-dən çox rəsm əsəri nümayiş olunurdu. Tədbir çərçivəsində 50-dən artıq əsər satıldı. Əldə olunan vəsait ürək qüsurundan əziyyət çəkən 2 yaşlı Hikmət Mirzəzadənin 3-cü əməliyyatına sərf ediləcək.
Sonda sərgi iştirakçılarına sertifikatlar verildi. Tədbir daha sonra tanınmış müğənnilərin ifaları ilə davam etdi.
FARİZ