TÜRKSOY-un “Türk dünyasının mədəniyyət paytaxtı” layihəsi artıq altıncı ildir ki, reallaşır. 2012-ci ildə Astana (Qazaxıstan) ilə başlayan layihə növbəti illərdə Kazan (Tatarıstan), Əskişəhər (Türkiyə), Mərv (Türkmənistan), Şəki (Azərbaycan) və Türküstan (Qazaxıstan) şəhərlərini əhatə edib.

2018-ci ildə bu ünvana Türkiyənin Kastamonu şəhəri ev sahibliyi etdi. Dekabrda burada keçirilən TÜRKSOY Mədəniyyət Nazirləri Daimi Şurasının 36-cı iclasının qərarı ilə Qırğız Respublikasının Oş şəhəri 2019-cu ildə “Türk dünyasının mədəniyyət paytaxtı” seçildi.

Bu münasibətlə artıq hazırlıqlara başlanılıb. Yanvarın 10-da Oş Bələdiyyəsinin binasında keçirilən toplantıda “Türk dünyasının mədəniyyət paytaxtı” ili çərçivəsində görüləcək işlər müzakirə edilib. Layihə çərçivəsində mədəniyyət və incəsənətin müxtəlif növləri, turizm, idman tədbirlərinin düzənlənməsi qərara alınıb.

 

Qaraxanilərin meydana çıxdığı torpaq

 

Fərqanə vadisinin cənubunda yerləşən Oş Mərkəzi Asiyanın ən qədim şəhərlərindən biridir. Qırğızıstanın ikinci böyük şəhəridir. Ölkənin cənub hissəsinin iqtisadi-mədəni mərkəzi sayılan Oş məsafəcə Özbəkistana da yaxındır. 260 min əhalisi var. Böyük İpək Yolu üzərində yerləşdiyinə görə Orta əsrlərdə ipək istehsalı və ticarət sahəsində inkişaf edib. Hazırda şəhərdə ən çox istehsal edilən məhsul pambıqdır. Tarixi aspektdən yanaşdıqda isə şəhər və onun ətrafı qədim Qaraxanilər türk tayfasının ortaya çıxdıqları ilk torpaqlardır.

 

Tarixdən qalanlar

 

Oş şəhərinin ətrafında Qaraxanilərdən qalan tarixi izləri görmək mümkündür. Turistləri və şəhər qonaqlarını cəlb edən məkanlar sırasında qədim məscid və bazarlar da yer alır. Oşda ən qədim tarixi məscid XVI əsrə aid Rabat Abdullah Han məscididir. Tikili şəhərdə tarixi Qırğız məhəlləsində yer alıb.

Bundan başqa, Akbura çayı sahilindəki Oş bazarı böyük ticarət məkanları qurulmazdan əvvəl Orta Asiyanın ən böyük bazarı olub. Tarixi bazar bu gün də fəaliyyət göstərməkdədir. Oş Universiteti Qırğızıstanın ən böyük və qədim təhsil mərkəzlərindəndir. 

Bir sözlə, TÜRKSOY-un “Türk dünyasının mədəniyyət paytaxtı” layihəsi çərçivəsində seçilən 7-ci paytaxt – Oş şəhəri tarixi, mədəni, turistik yönləri ilə olduqca maraqlı məkandır.

Mehparə SULTANOVA
Ankara