Mayın 23-dən 30-dək Başqırdıstanın paytaxtı Ufada türkdilli teatrların VII “Tuqanlıq” Beynəlxalq festivalı keçiriləcək. Festivalın proqram direktoru Aysılu Sagitova bildirib ki, builki festivalda 13 tamaşa oynanılacaq. Başqırdıstan Dövlət Akademik Dram Teatrının “Züleyxa gözlərini açır” və Tatarıstan Dövlət Akademik Teatrının “Məgər bu, həyatdır?..” tamaşaları bir neçə nominasiyada festivalın “Qızıl maska” mükafatına namizəddir.

Məşhur yakut rejissoru Sergey Popatovun quruluş verdiyi iki tamaşa – “Şıltaq qızın yumşalması” (“DİYDOR” teatrı, Özbəkistan) və “Çeyneş” (Altay Dram Teatrı) tamaşaları da Ufada göstəriləcək. Qazaxıstanın Akmola Musiqili Dram Teatrı isə “Romeo və Cülyetta” tamaşası ilə çıxış edəcək.

A.Sagitova əmindir ki, Qırğızıstan Teatrlar Birliyinin M.Y.Lermontovun əsərləri əsasında hazırladığı “Demon” etnik saundramı da maraqla qarşılanacaq. O, Azərbaycanı təmsil edəcək “dOM” müstəqil teatrının müasir qaçqınlar haqqında “Limbo” immersiv (iştirak effekti yaradan) tamaşasını “Tuqanlıq” üçün qeyri-adi formatda göstəri kimi səciyyələndirib. “Bostançı” müstəqil teatr şirkətinin Nazim Hikmətin məktub və şeirləri əsasında hazırlanmış “Pirayə” monotamaşası Türkiyə teatrını təmsil edəcək.

Xakasiya Milli Dram Teatrı E.Heminqueyin “Qoca və dəniz” povestinin teatr versiyası ilə Ufaya gələcək. Qaqauz Milli Teatrı “Əziz Pamela” tamaşası ilə festivala qatılacaq. Yeri gəlmişkən, C.Patrikin eyniadlı pyesi əsasında hazırlanmış tamaşaya azərbaycanlı rejissor Tural Mustafayev quruluş verib. Krım Tatar Dövlət Akademik Musiqili Dram Teatrı “Evlənmə”, Tıva Milli Musiqili Dram Teatrı “Çadaqan” musiqili əfsanəsi ilə “Tuqanlıq”a qonaq olacaq.

Festival günlərində “Mədəniyyətlərin dialoqu və türkdilli teatr” adlı elmi-praktik konfrans da keçiriləcək.

GÜLCAHAN