Daşkənddəki interpress.uz portalında özbək dilində “Azərbaycan karvansaraları və onların tarixi” adlı məqalə yer alıb.
Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin dəstəyi ilə hazırlanan materialda architecture.az portalı və azərbaycanlı müəlliflər Aytən Səlimova və İlqar Əliyevin məqaləsindən istifadə edilib.
Materialda qeyd olunur ki, Azərbaycanda tarixən karvan yolları Bakı, Şəki, Gəncə, Şamaxı, Qəbələ, Şabran, Naxçıvan kimi şəhərlərdən keçib. Məhz buna görə tacirlərin gecələməsi və istirahət etməsi üçün bu şəhərlərdə müxtəlif karvansaralar inşa edilib ki, bunların da bir hissəsi günümüzə qədər gəlib çıxıb.
Bildirilir ki, Şəkidə XVIII-XIX əsrlərə aid beş karvansara olub. Bu şəhərdəki yuxarı və aşağı karvansaralar Cənubi Qafqazda ən böyük qonaq evləri hesab edilib. Yuxarı Karvansaranın otaqlarının sayı 300 olub, Aşağı Karvansara isə 242 otaqdan ibarət olub.
Materialda Bakı, Gəncə, Şamaxı, Qəbələ, Şabran və Naxçıvandakı karvansaralar haqqında da məlumat verilir.