Özbəkistanın Qaraqalpaq Muxtar Respublikasındakı Nukus Dövlət Pedaqoji İnstitutunda “Azərbaycan ocağı” yaradılacaq. Bu barədə Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin (AMM) direktoru Samir Abbasov və NDPİ-nin rektoru, professor Bayrambay Otamuratov arasında görüşdə razılıq əldə edilib.
Bayrambay Otamuratov ölkələrimiz arasında əlaqələrin inkişafından danışıb, institutda “Azərbaycan ocağı” üçün müvafiq salon ayrılması, habelə mərkəzin müvafiq inventar və avadanlıqla təmin edilməsi və digər məsələlər haqqında söhbət açıb.
Samir Abbasov iki ölkə arasında yüksək səviyyəli münasibətlər və son illər mədəniyyət sahəsində həyata keçirilən layihələrdən danışıb. O, “Azərbaycan ocağı” üçün müvafiq nəşrlərin, milli mədəniyyətimizə dair suvenirlərin, milli geyimlərin, foto və rəsmlərin, filmlərin, musiqi disklərinin və s. AMM tərəfindən təmin ediləcəyini bildirib. “Azərbaycan ocağı”nda alimlərin iştirakı ilə tədbirlərin, açıq dərslərin, həmçinin müxtəlif sərgilərin keçirilməsi təklif edilib.
Bu ilin sentyabr-oktyabrında Nukus şəhərində “Azərbaycan mədəniyyət və ədəbiyyat günləri”nin keçirilməsi, bu tədbirlər çərçivəsində institutda iki ölkə arasında mədəni-ədəbi əlaqələrə dair elmi konfransın təşkili, “Azərbaycan ocağı”nın rəsmi açılışı, şəhərdə Azərbaycan musiqi və rəqslərindən ibarət konsertin, sərginin təşkili ilə bağlı razılıq əldə olunub.