“Astana Opera” teatrının balet truppasının İspaniya və İtaliya qastrolundan sonra Qazaxıstan balet məktəbi daha bir uğurla Avropa sənətsevərlərini heyran edib.

Yanvarın 20-də və 21-də Romada, “Auditorium Parco della Musica” konsert kompleksinin “Santa Cecilia Hall” salonunun səhnəsində “Les Étoiles” layihəsi çərçivəsində “Astana Opera”nın balet artisti Bahtiyar Adamjan dünya balet ulduzları ilə eyni səhnəni paylaşıb. “La Skala” teatrının prima balerinası Nikoletta Manni ilə “Cavan və Ölüm” baletində titul partiyalarından birini – Cavanı ifa edib. Bir neçə beynəlxalq müsabiqənin Qran-pri mükafatçısı olan Bahtiyar “Don Kixot” baletindən pa-de-deni, Macarıstan Dövlət Opera Teatrının priması Tatyana Melnik ilə S.Puninin “Esmeralda” baletindən Diana və Akteonun duetini ifa edib.

XX əsrin görkəmli balerinası Marqo Fonteynin 100 illik yubileyinə həsr edilmiş konsertdə London Kral Teatrının, Rusiyanın Böyük, Mariinsk və Mixaylovsk teatrlarının, Amerika Balet Teatrının, Berlin Dövlət Baletinin aparıcı artistləri çıxış ediblər.

GÜLCAHAN