O bizim alışdığımız, qıyıqgözlü, yumrusifət Orta Asiya gözəllərinə heç bənzəmir. Tanımayanlara Ravşana Kurkovanın siması daha çox hind, yaxud Pakistan əsilli Avropa qızını xatırladır: həddən artıq incə üz cizgiləri, qarabuğdayı bəniz, iri qara gözlər və xəsisliklə paylanan xəfif təbəssüm. Diqqətlə baxanda qara gözlərinin içindəki şıltaqlıq qığılcımlarını görmək olar.
Bu gün Rusiyanın kino və serial ulduzu, bir neçə geyim və kosmetika brendinin siması kimi tanıdığımız Ravşana Kurkova özbək qızıdır. 1980-ci ildə Daşkənddə sənətkar ailəsində dünyaya gəlib. Atası Bahram Matçanov “İlhom” teatrının aktyoru, anası Rano Kubayeva kinoaktrisa və rejissor, dayısı Rauf Kubayev rejissor və ssenaristdir.
Ravşana uşaqlıqdan atası ilə teatrda, anası ilə də çəkiliş meydançasında vaxt keçirməyi xoşlayıb, 12 yaşında kinoya çəkilib.
Bir qədər sonra isə valideynləri ayrılırlar, Ravşana anası ilə Moskvaya gedir. Burada musiqi məktəbində, daha sonra isə anasının istəyi ilə gələcəkdə “daha ciddi işlə” məşğul olmaq üçün Britaniya liseyində təhsil alır. Pedaqoji universitetin tələbəsi ikən Kinematoqrafiya İnstitutunun nəzdindəki rejissor kurslarında, Şepkin adına Teatr Məktəbindəki aktyorluq kurslarında dinləyici kimi iştirak edir.
1998-ci ildə anası ilə birlikdə “Ad günün mübarək!” filmində çəkildikdən sonra rejissorlar Ravşanaya diqqət yetirirlər. 2007-ci ildə kəskin süjetli “Üç qız” komediyasında baş rollardan birini oynayaraq “Yeni kino. 21-ci əsr” beynəlxalq kinofestivalında ən yaxşı qadın roluna görə mükafat alır. 29 yaşında ikən “Barvixa” serialında oynadığı məktəbli Anjela, 2017-ci ildə ekrana çıxan “Bizim həyətdəsə…” serialında yaratdığı miqrant dalandar Mövludə rolu Ravşanaya postsovet məkanında şöhrət qazandırıb.
Ravşana Kurkova bu gün Rusiya kinematoqrafında davamlı çəkilən aktrisalardandır. O, antrepriz teatr tamaşalarında da çıxış edir, klip və reklam çəkilişlərində iştirakdan boyun qaçırmır. Aktrisanın uca boyu (180 sm), az çəkisi (50 kq) qrimsiz də istənilən mənanı və yaşı öz simasında göstərmək məharəti ona özünü model kimi də sınamaq imkanı verir.
Ravşana deyir: “Mən ağlım və qəlbimlə sabaha yüyürərək yaşamağa tələsmirəm, xəsisliklə zamanı dayandırmağa cəhd etmirəm, onun ötüb keçdiyinə heyfsilənmirəm. Zaman hər yerə mənimlə qoşa gedir, məni insanlarla tanış edir, təcrübəsini, biliyini mənə verir. Həmişə özümə deyirəm ki, sənin bir də 20, 23, 27, 35 yaşın olmayacaq. Həyatının bu ilini həzz alaraq, sevinclə yaşa, onu hiss et, vaxtını qüssə-kədərə yox, sənə xoş gələn şeylərə həsr et”.
GÜLCAHAN