Gənc rəssamın fərdi sərgisi
“Azərkitab” Kitab Mərkəzində rəssam Elmar Məmmədzadənin “Mən fəxr edirəm ki, azərbaycanlıyam” adli fərdi sərgisi açılıb. Sərgidə rəssamın 40-dək ipək üzərində kölgə effektli əsərlər – görkəmli şəxsiyyətlərin portretləri nümayiş olunur.
Açılış mərasimində Əməkdar incəsənət xadimi Ziyadxan Əliyev çıxış edərək təsviri və tətbiqi sənətin sintezi olaraq yaranan ipək üzərində rəsm sənətinin rəssamlıqda yeni fikir olduğunu qeyd edib. O, Tünzalə Məmmədzadənin yaratdığı bu yolun davamçısı olan rəssam Elmar Məmmədzadənin sərgidə nümayiş etdirilən əsərlərinin daha bir yenilik olduğunu bildirib, rəssamı bu cür ilkə imza atdığına görə təbrik edib.
Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru, professor Cəfər Cəfərov rəssamın yaratdığı əsərlərin yeni istiqamətdə olmasını, xüsusən də, Azərbaycanın dahi şəxsiyyətlərini öz yaradıcılığında işıqlandırdığını təqdirəlayiq hal kimi qiymətləndirib, müəllifə yaradıcılıq uğurları arzulayıb.
Sonda Mərmərə Universitetinin doktorantı, rəssam Tünzalə Məmmədzadə yaratdığı sənət yolunu müvəffəqiyyətlə davam etdirdiyi, eyni zamanda öz sənəti ilə Azərbaycanı xarici ölkələrdə də layiqincə təmsil etdiyi üçün Elmar Məmmədzadəyə təşəkkürünü bildirib.