Azərbaycan
29 yanvar 1926 – Sirk ustası, jonqlyor, illüzionist, Xalq artisti Xosrov Abdulla oğlu Abdullayev (1926 – 31.3.1980) Şamaxıda anadan olub. “Uşaqlığın son gecəsi”, “O qızı tapın” və s. filmlərdə çəkilib.
29 yanvar 1927 – Balerina, Azərbaycanın və SSRİ-nin Xalq artisti Leyla Məhəd qızı Vəkilova (1927 - 20.2.1999) anadan olub. Opera və Balet Teatrının aparıcı balet aktrisası olub. 1953-cü ildən Bakı Xoreoqrafiya Məktəbində dərs deyib, bu tədris ocağına rəhbərlik edib.
30 yanvar 1920 – Kinooperator Teyyub Axundov (1920 - 3.12.1991) anadan olub. “Onu bağışlamaq olarmı?”, “Dağlarda döyüş”, “Tütək səsi” və s. filmlərin operatorudur.
30 yanvar 1936 – Əməkdar elm xadimi, ədəbiyyatşünas Araz Məmməd Arif oğlu Dadaşzadə (1936 - 4.11.1990) anadan olub.
30 yanvar 1948 – Xalq artisti, vokal sənətimizin tanınmış nümayəndələrindən olan Elxan Yəhya oğlu Əhədzadə (1948 – 8.10.2010) Bakıda doğulub.
31 yanvar 1879 – Satirik şair Səməd Mənsur (Səməd Hacı Əhməd oğlu Kazımov; 1879 - 3.1.1927) Bakının Əmircan kəndində doğulub. “Molla Nəsrəddin”, “Şeypur” və s. jurnallarda şeirləri dərc edilib. “Səfa” cəmiyyətinin nəzdindəki teatr üçün pyeslər yazıb, tərcümələr edib.
31 yanvar 1884 – Görkəmli ictimai-siyasi xadim, yazıçı-publisist Məhəmməd Əmin Hacı Molla Ələkbər oğlu Rəsulzadə (1884 - 6.3.1955) Bakının Novxanı kəndində doğulub. Azərbaycan Xalq Cümhuriyyətinin (1918-1920) banisidir, Cümhuriyyətin süqutundan sonra Avropada, Türkiyədə Azərbaycan mühacirətinə rəhbərlik edib, jurnal və qəzetlər nəşr etdirib. “Əsrimizin Səyavuşu”, “Çağdaş Azərbaycan ədəbiyyatı”, “Çağdaş Azərbaycan tarixi” və s. əsərlərin müəllifidir. Məzarı Ankaradadır.
31 yanvar 1903 – Əməkdar rəssam, tanınmış boyakar və qrafik Ələkbər Ələsgər oğlu Rzaquliyev (1903 - 31.1.1974) Bakıda anadan olub. “Köhnə Bakı” silsiləsi , “M.Ə.Sabir”, “Çaybecərənlər” və s. linoqravüraların müəllifidir. 30-50-ci illərdə repressiyaya məruz qalıb.
31 yanvar 1915 – Xalq artisti Vera Karlovna Şirye (1915-2003) anadan olub. Uzun illər Azərbaycan Dövlət Rus Dram Teatrında çalışıb.
31 yanvar 1924 – Şair, Əməkdar incəsənət xadimi Əli Tudə (Əli Əliqulu oğlu Cavadzadə; 1924 - 26.2.1996) Bakıda anadan olub.
31 yanvar 1963 – SSRİ Xalq artisti Ələsgər Hacıağa oğlu Ələkbərov (26.3.1910 - 1963) vəfat edib. Teatr tamaşalarında (“Vaqif”, “Otello” və s.), kinoda (“Fətəli xan”, “Qara daşlar”, “Uzaq sahillərdə”, “Böyük dayaq”) unudulmaz obrazlar yaradıb.
Dünya
29 yanvar 1860 – Rus yazıçısı və dramaturqu Anton Pavloviç Çexov (1860 - 1904) anadan olub. Əsərləri: “Qağayı”, “Albalı bağı”, “Vanya dayı”, ” Üç bacı” (pyes), “6 nömrəli palata”, “Mujiklər” (povest), “Buqələmun”, “Qılaflı adam” (hekayə) və s.
29 yanvar 1866 – Fransız yazıçısı, ədəbiyyat üzrə Nobel mükafatı (1915) laureatı Romen Rollan (Romain Rolland; 1866 - 30.12.1944) anadan olub. Əsərləri: “Jan-Kristof” (10 kitabdan ibarət roman), “Canavarlar”, “İdrakın təntənəsi”, “Danton” pyesləri və s.
30 yanvar 1923 – Kinorejissor, SSRİ Xalq artisti Leonid Qayday (1923 - 19.11.1993) anadan olub. Populyar sovet kinokomediyalarının (“I əməliyyatı”, “Qafqaz əsiri”, “Brilyant əl”, “İvan Vasilyeviç peşəsini dəyişir”, “Sportloto-82” və s.) müəllifidir.
30 yanvar 1928 – Amerika blüz musiqisinin tanınmış simalarından olan müğənni Rut Braun (Ruth Brown; 1928-2006) anadan olub.
31 yanvar 1797 – Avstriya bəstəkarı Frans Şubert (Franz Peter Schubert; 1797-1828) anadan olub. Musiqidə romantizmin banilərindən biridir. “Alfonso və Estrella” operası, 9 simfoniya, mahnı və romansların müəllifidir.
31 yanvar 1921 – Amerika opera müğənnisi, aktyor Mario Lansa (Mario Lanza - əsl adı Alfredo Arnoldo Cocozza; 1921-1959) anadan olub.
31 yanvar 1924 – Gürcü kinorejissoru, SSRİ Xalq artisti Tengiz Abuladze (1924-1994) anadan olub. Filmləri: “Mən, nənəm, İliko və İllarion”, “Yalvarış”, “Arzu ağacı”, “Tövbə” və s.
Hazırladı: Vüqar ORXAN