Noqay çölünün hüznlü səsi – şairə Kadriye Temirbulatova
Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı – TÜRKSOY-un iki ildir həyata keçirilən “Türk dünyasının öncülləri” layihəsinin növbəti, sayca 11-ci konfransı XX əsrdə noqay türklərinin yetişdirdiyi ən mühüm şəxsiyyətlərdən biri – şairə Kadriye Temirbulatovanın (1948-1978) 70 illik yubileyinə həsr edilmişdi.
Yanvarın 24-də TÜRKSOY-un qərargahında düzənlənən tədbirə Tacikistanın Ankaradakı səfiri Mahmadali Racibiyon, İstanbul İstinye Universiteti Siyasət elmləri şöbəsinin müdiri İsmayıl Safi, Əhməd Yəsəvi Universitetinin Himayəçilər şurasının rəhbəri Musa Yıldız, Qazi Universitetinin professoru Dilek Ergönenç, noqay türklərinin nümayəndələri və diaspor təmsilçiləri qatılmışdı.
TÜRKSOY-un baş katibi Düsen Kaseinov açılış nitqində artıq 2017-ci ildən Türk dünyasının geniş coğrafiyasındakı önəmli şəxsiyyətləri dünyaya tanıtmaq məqsədilə reallaşdırılan layihənin əhəmiyyətindən danışdı. Bildirdi ki, budəfəki konfransın həsr olunduğu noqay türklərinin ünlü şairi Kadriye Temirbulatova gənc yaşda əbədiyyətə köçsə də, qısa ömründə noqay türkcəsinin yaşadılması və ədəbi dil olaraq inkişafına önəmli töhfələr verib: “Bu konfransda Kadriye Termirbulatovanı anaraq onun şəxsində noqay ədəbiyyatı və mədəniyyətini daha yaxından tanımaq istəyirik”.
İstinye Universiteti Siyasət elmləri şöbəsinin müdiri İsmayıl Safi 25 illik fəaliyyətini arxada qoyan TÜRKSOY-un zəngin ümumtürk mədəniyyətini dünyaya tanıtmaq missiyasını yüksək dəyərləndirdi. O, noqayların məşhur şairəsinə həsr edilmiş bu tədbirə görə TÜRKSOY-a təşəkkürünü bildirdi.
Noqay Türkləri Mədəniyyət və Həmrəylik Dərnəyinin rəhbəri Məhərrəm Yılmaz çıxışında Kadriye Temirbulatovanın noqayların mədəni və ədəbi irsini inkişaf etdirən istedadlardan biri olduğunu vurğuladı.
Professor Dilek Ergönenç, Dağıstanda noqay dilində nəşr edilən “Şöl davısı” qəzetinin baş redaktoru Elmira Kojayeva da Kadriye Temirbulatovanın həyatı, əsərləri və noqay ədəbiyyatına qazandırdığı nailiyyətlərdən söz açdılar.
Sonra şairənin həyat və yaradıcılığından bəhs edən sənədli film nümayiş olundu.
Tədbirin bədii hissəsində əvvəlcə gənc noqay şairi Ayzanat Kamaldinova Kadriye Temirbulatovanın şeirlərini oxudu.
Noqay sənətçiləri Arslanbek Sultanbekov və İslam Satırov milli mahnıları səsləndirdilər, Zehra Ergin isə noqay rəqslərini ifa etdi.
Tədbirin sonunda Düsen Kaseinov İsmayıl Safi, Musa Yıldız və Arslanbek Sultanbekova TÜRKSOY-un 25-ci il xatirə medalını, iştirakçılara isə plaket təqdim etdi.
Qeyd edək ki, Kadriye Temirbulatova 1948-ci ildə Dağıstanın Noqay rayonunun Terekli-Məktəb kəndində anadan olub. Moskvada M.Qorki adına Ədəbiyyat İnstitutunu bitirib. 1970-ci ildə ana dilində “Dağlar düzənliklərdən başlayır” adlı ilk kitabı çapdan çıxıb. Sonrakı illərdə daha bir neçə kitabı, həmçinin rus dilində şeir topluları işıq üzü görüb. 1975-ci ildə Moskvada çap olunan “Ayın təbəssümü” kitabı Dağıstanın Lenin komsomolu mükafatına layiq görülüb. Cəmi otuz il ömür sürən K.Temirbulatova M.Lermontov, V.Mayakovski, N.Hikmət və başqa şairlərin şeirlərini noqay dilinə tərcümə edib.
Mehparə SULTANOVA
Ankara