Hökumət məşhur əsər üçün 10,8 milyon dollar sərf edib
Macarıstan hökuməti XIX əsrin görkəmli macar rəssamı Mixay Munkaçinin “Qolqofa” tablosunu 3 milyard forintə (10,8 milyon ABŞ dolları) əldə edib.
Baş nazir Viktor Orbanın dəftərxanasının yaydığı bəyanatda bildirilir ki, tablonu hökumətə macar mənşəli amerikalı kolleksiyaçı İmre Pax satıb. O, rəsm əsərini 2003-cü ildə əldə edibmiş. Tablo Debretsendəki Deri muzeyində nümayiş olunur.
Sözügedən əsər rəssam Mixay Munkaçinin (1844-1900) məşhur “Məsih trilogiyası”nın üç tablosundan biridir. Bundan əvvəl “Ecce Homo” və “Məsih Pilatın qarşısında” əsərləri də Macarıstan Milli Bankının 2015-ci ildə ayırdığı 5,7 milyon dollara dövlət mülkiyyətinə verilmək üçün alınmışdı. İmre Paxla hökumət arasında 2015-ci ildə “Qolqofa” tablosunun satılması ilə bağlı danışıqlar nəticəsiz qalmışdı. Nəticədə kolleksiyaçı ilə hökumət anlaşa bilib. Macarıstan hökuməti “Qolqofa”ya qorunan sənət əsəri statusu verməyi qərara alıb.