C.Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında tanınmış rəssam və heykəltəraş, Xalq rəssamı, professor Hüseynqulu Əliyevin 70 illik yubileyi qeyd olunub.
Tədbirdə Naxçıvan Muxtar Respublikasının (MR) mədəniyyət naziri Natəvan Qədimova çıxış edərək Ali Məclisin sədri Vasif Talıbovun adından yubilyara hədiyyə təqdim edib.
Naxçıvan Dövlət Universitetinin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov, Naxçıvan MR Rəssamlar Birliyinin sədri, Əməkdar rəssam, Milli Məclisin deputatı Ülviyyə Həmzəyeva, Əməkdar rəssam Həbibə Allahverdiyeva, Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrının direktoru, Xalq artisti Rza Xudiyev, Xalq artisti Kamran Quliyev, Əməkdar rəssam Telman Abdinov, Naxçıvan MR-in Əməkdar rəssamı Səyyad Bayramov yubilyarı təbrik ediblər.
Bildirək ki, rəssam-heykəltəraş Hüseynqulu Əliyev 3 fevral 1949-cu ildə Ordubad rayonunun Bist kəndində anadan olub. Ə.Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbində və Azərbaycan Dövlət İncəsənət İnstitutunda təhsil alıb. 1982-ci ildən Naxçıvan Dövlət Rəsm Qalereyasında fond müdiri işləyib. 1989-cu ildən Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrının baş rəssamıdır.
1988-ci ildə Əməkdar incəsənət xadimi, 2002-ci ildə Azərbaycanın Xalq rəssamı fəxri adlarına layiq görülüb. 2003-cü ildə Naxçıvan Dövlət Universitetinin Təsviri incəsənət və rəngkarlıq kafedrasının müdiri təyin olunub. 2008-ci ildən universitetin dosenti, 2017-ci ildən universitetin professorudur. Azərbaycan Teatr Xadimləri İttifaqının və Azərbaycan Rəssamlar İttifaqının üzvüdür.
S.QALİBOĞLU