Azərbaycan
9 fevral 1909 – Əməkdar artist, müğənni Cahan Rza qızı Talışinskaya (1909 – 1.3.1967) Lənkəranda anadan olub.
9 fevral 1924 – Xalq rəssamı, tanınmış heykəltəraş Mirələsgər Mirəsədulla oğlu Mirqasımov (1924 – 9.11.2003) anadan olub. Bakıda Cəfər Cabbarlının, Naxçıvanda Cəlil Məmmədquluzadənin abidələrinin müəllifidir.
9 fevral 1925 – Əməkdar artist, müğənni Rəhilə Mirələsgər qızı Həsənova (1925 - 28.2.2004) anadan olub.
9 fevral 1936 – Əməkdar incəsənət xadimi, bəstəkar Məmməd Mehdi oğlu Quliyev (1936-2001) anadan olub.
10 fevral 1828 – Rusiya ilə İran arasında müharibənin (1826-1828) yekunlarına dair Türkmənçay sülh müqaviləsi bağlanıb. Təbriz yaxınlığındakı Türkmənçay kəndində Rusiya generalı İvan Paskeviç və İran şahzadəsi Abbas Mirzənin imzaladığı müqaviləyə əsasən, Azərbaycanın İrəvan və Naxçıvan xanlıqları Rusiyaya birləşdirilib. Azərbaycan torpaqlarının Rusiya və İran arasında Araz çayı boyunca bölüşdürülməsi başa çatıb.
10 fevral 1918 – Yazıçı Cəmşid Cabbar oğlu Əmirov (1918 - 29.12.1982) Naxçıvan şəhərində anadan olub. “Brilyant məsələsi”, “Qara “Volqa” və s. detektiv əsərlərin müəllifidir.
10 fevral 1927 – Ədəbiyyatşünas, Əməkdar elm xadimi Cahangir Vahid oğlu Qəhrəmanov (1927-1995) Qəbələdə doğulub.
11 fevral 1914 – Xalq artisti Rəmziyyə Veysəlova (1914 - 22.8.1993) Bakıda doğulub. Gəncə Dövlət Dram Teatrının aktrisası olub.
11 fevral 1920 – Ədəbiyyatşünas, AMEA-nın müxbir üzvü Əziz Mirfeyzulla oğlu Mirəhmədov (1920-2003) Bakıda anadan olub.
11 fevral 1929 – Tarixçi alim, Əməkdar elm xadimi, akademik Tofiq Qasım oğlu Köçərli (1929 – 31.10.2007) anadan olub.
11 fevral 1981 – Xalq artisti, görkəmli teatr və kino aktyoru Möhsün Sənani (Möhsün Sadıq oğlu Cəfərov; 19.6.1900 - 1981) vəfat edib. “Fətəli xan”, “O olmasın, bu olsun”, “Sehrli xalat”, “Dağlarda döyüş” və s. filmlərdə çəkilib.
Dünya
9 fevral 1441 – Özbək şairi və mütəfəkkiri, dövlət xadimi Əlişir Nəvai (Nizaməddin Mir Əlişir oğlu Nəvai; 1441 - 3.1.1501) Heratda doğulub. Nizami Gəncəvinin “Xəmsə”sindən təsirlənərək eyniadlı əsərlər toplusu (beşlik) yaradıb.
9 fevral 1874 – Alman əsilli rus rejissoru, aktyor, teatr xadimi Vsevolod Meyerhold (Karl Kasimir Theodor Meyergold; 1874-1940) anadan olub.
9 fevral 1881 – Böyük rus yazıçısı Fyodor Mixayloviç Dostoyevski (11.11.1821 - 1881) vəfat edib. “Alçaldılmış və təhqir olunmuşlar”, “Cinayət və cəza”, “İdiot”, “Şeytanlar”, “Yeniyetmə”, “Karamazov qardaşları” və s. romanların müəllifidir.
10 fevral 1890 – Rus şairi və yazıçısı, ədəbiyyat üzrə Nobel mükafatı (1958) laureatı Boris Leonidoviç Pasternak (1890-1960) anadan olub. Əsərləri: “Doktor Jivaqo” (roman), “Leytenant Şmidt”, “Spektorski” (poema) və s.
10 fevral 1898 – Alman dramaturqu, rejissor və teatr nəzəriyyəçisi Bertold Brext (Eugen Berthold Friedrich Brecht; 1898-1956) anadan olub. Pyesləri: “Üç quruşluq opera”, “Kuraj ana və uşaqları”, “Qalileyin həyatı” və s.
11 fevral 1900 – Alman filosofu, “fəlsəfi hermenevtika”nın banisi Hans-Georq Qadamer (Hans-Georg Gadamer; 1900-2002) anadan olub.
11 fevral 1917 – Amerika yazıçısı və ssenaristi Sidni Şeldon (Sidney Sheldon; 1917-2007) anadan olub.
Hazırladı: Vüqar ORXAN