Türkiyənin məşhur siyasi xadimi, Milliyyətçi Hərəkət Partiyasının qurucusu Alparslan Türkeşin doğulduğu və 16 yaşına qədər yaşadığı Şimali Kipr Türk Respublikasının paytaxtı Lefkoşadakı evi muzey olacaq. Evdə TİKA tərəfindən təmir-bərpa işləri aparılıb. 

Şimali Kipr Türk Respublikasının ilk lideri, mərhum Rauf Denktaşın həyat yoldaşı Aydın Denktaşın cənazə mərasiminə qatılmaq üçün adaya gedən Türkiyə Prezidentinin köməkçisi Fuad Oktay və Alparslan Türkeşin oğlu, millət vəkili Tuğrul Türkeş görülən işlərlə tanış olublar. 

T.Türkeş bildirib ki, Alparslan Türkeşin evi 1920-ci illərə aid olan tipik Kipr evidir: “Atam orta məktəb illərində, yəni 16 yaşına qədər bu evdə yaşadı. Həmin evin eynisini qurub, bərpa etməyə nail olduq”.

Qeyd edək ki, ev-muzey mart ayında açılacaq.

Alparslan Türkeş 1917-ci ildə Lefkoşadakı Haydarpaşa məhəlləsində dünyaya gəlib. 1933-cü ildə ailəsi ilə birlikdə İstanbula köçüb.