Fevralın 16-da Sinqapurun “Visual Art” Mərkəzində azərbaycanlı rəssamların əsərlərindən ibarət sərgi açılacaq. “Dirçəliş” Gənclərin Sosial-Psixoloji Reabilitasiya Mərkəzinin dəstəyi, ölkəmizin İndoneziyadakı səfirliyinin təşkilatçılığı ilə reallaşacaq sərgidə 15 rəssamın 50-dən çox sənət əsəri təqdim olunacaq.
“Dirçəliş” Gənclərin Sosial-Psixoloji Reabilitasiya Mərkəzinin direktoru İslam Baxşəliyev bildirib ki, fevralın 22-dək davam edəcək sərginin təşkil olunmasında məqsəd ölkəmizin mədəniyyətini dünyada təbliğ etmək, Azərbaycan gənclərinin istedad və bacarıqlarını nümayiş etdirməkdir.
Mərkəz 2010-cu ildən müxtəlif ölkələrdə gənc rəssamlarımızın sərgilərini keçirir. İndiyədək Bolqarıstan, Belçika, Fransa, İtaliya, İsveçrə, Polşa, Çexiya, Macarıstan, Böyük Britaniya, Lüksemburq və Birləşmiş Ərəb Əmirliklərində 18 sərgi təşkil edilib.