Avstriyanın ölkəmizdəki səfiri Bernd Aleksandr Bayerl xanımı Natalya Bayerl ilə Azərbaycan Dövlət Tərcümə Mərkəzində olub.

Görüşdə iki ölkə arasındakı ədəbi əlaqələrdən, Azərbaycan dilinə tərcümə edilərək nəşr edilmiş Robert Muzil, Ştefan Svayq, Frans Kafka, Yozef Rot, Elias Kanetti, Yura Zoyfer, İlze Ayxinqer, Tomas Bernhard, Peter Handke kimi tanınmış Avstriya yazarlarının əsərlərindən danışılıb. Həmçinin Azərbaycan ədəbiyyatının almandilli ölkələrdə tanıdılması və təbliği məqsədilə hazırlanan və Frankfurtda çap olunan “Sirr – Azərbaycan hekayələri” kitabı haqqında qonaqlara məlumat verilib.

Mərkəzin gördüyü işləri yüksək qiymətləndirən diplomat “Sirr – Azərbaycan hekayələri” kitabının Avstriyada da yayımına böyük ehtiyac olduğunu deyib: “Avstriyada sizin ölkənizə, ədəbiyyatınıza böyük maraq var. Bu mənada kitabın Vyanada təqdimatının keçirilməsi, ölkə kitabxanalarına, universitetlərinə paylanılması ilə bağlı təklifləriniz təqdirəlayiqdir və səfirlik olaraq, bu sahədə mərkəzə mümkün köməklik göstərməyə hazırıq”.

Görüşün sonunda səfirə “Sirr – Azərbaycan hekayələri” kitabı hədiyyə edilib.