Azərbaycan

19 fevral 1921 – Əməkdar artist, tarzən Məmmədağa Məmmədhəsən oğlu Muradov (1921-1969) Bakıda doğulub. Filarmoniyanın xalq çalğı alətləri orkestrinin solisti, konsertmeysteri olub.

 

20 fevral 1900 – Xalq artisti, aktyor, rejissor Səməd Məmməd oğlu Mövləvi (1900 - 3.2.1962) anadan olub. Naxçıvan Dram Teatrında çalışıb.

20 fevral 1928 – Şair, dramaturq Əliağa Kürçaylı (Əliağa Həsənağa oğlu Vəliyev; 1928 - 11.2.1980) Salyan rayonunun Kürqaraqaşlı kəndində doğulub.

20 fevral 1935 – Şərqşünas, professor Şulan İsmayıl oğlu Şirəliyev (1935-2013) anadan olub.

20 fevral 1938 – Dilçi alim, türkoloq Cəfər İsmayıl oğlu Cəfərov (1938 - 20.12.1996) anadan olub.

20 fevral 1984 – Görkəmli bəstəkar, SSRİ Xalq artisti, Dövlət mükafatları laureatı, Sosialist Əməyi Qəhrəmanı Fikrət Məşədi Cəmil oğlu Əmirov (22.11.1922 - 1984) vəfat edib. Simfonik muğam janrının yaradıcısı (“Şur”, “Kürd-ovşarı”, “Bayatı-Şiraz”), “Nizami” simfoniyası, “Azərbaycan kapriççiosu”, “Sevil” operası, “Min bir gecə” baleti və s. musiqi əsərlərinin müəllifidir. “Böyük dayaq”, “Mən ki gözəl deyildim” və s. filmlərə musiqi yazıb.

 

21 fevral 1906 – Kinorejissor, Əməkdar incəsənət xadimi Həbib Ələkbər oğlu İsmayılov (1906 - 31.12.1966) Naxçıvanda doğulub. “Ögey ana”, “Böyük dayaq” filmlərinə quruluş verib.

21 fevral 1921 – Xalq rəssamı, Dövlət mükafatı laureatı Oqtay Seyid Hüseyn oğlu Sadıqzadə (1921 - 20.12.2014) Xızıda anadan olub. “1937-ci il repressiyasının qurbanları”, “Hüseyn Cavidin aləmi” triptixi və s. tabloların müəllifidir.

21 fevral 1921 – Xalq rəssamı Böyükağa Mirzəzadə (1921 - 3.11.2007) Bakıda anadan olub. Tematik tablolar, portret janrında əsərlər yaradıb, teatr tamaşalarına bədii tərtibat verib.

 

22 fevral 1869 – Görkəmli yazıçı, dramaturq, publisist Cəlil Məmmədquluzadə (1869 - 4.1.1932) Naxçıvanda doğulub. Realist hekayələrin (“Poçt qutusu”, “Usta Zeynal”, “Qurbanəli bəy”), povestlərin (“Danabaş kəndinin əhvalatları”), dram əsərlərinin (“Ölülər”, “Dəli yığıncağı”, “Anamın kitabı”) müəllifidir. 1906-1932-ci illərdə (müəyyən fasilələrlə) nəşr etdirdiyi “Molla Nəsrəddin” jurnalı ilə Azərbaycanda satirik jurnalistikanın əsasını qoyub.

22 fevral 1898 – Ədəbiyyatşünas alim, akademik Feyzulla Səməd oğlu Qasımzadə (1898 - 29.3.1976) anadan olub.

22 fevral 1917 – Yazıçı-dramaturq, publisist Yusif Əhmədulla oğlu Əzimzadə (1917-1984) anadan olub. “Çiçəklər səltənəti”, “Anacan”, “Nəsrəddin” və s. pyeslərin müəllifidir, rus ədəbiyyatından tərcümələr edib.

22 fevral 1924 – Bəstəkar, Xalq artisti Süleyman Əyyub oğlu Ələsgərov (1924 - 21.1.2000) Şuşada doğulub. «Ulduz», «Özümüz bilərik», «Olmadı elə, oldu belə», «Milyonçunun dilənçi oğlu», «Həmişəxanım» operettalarının, «Bahadır və Sona», «Solğun çiçəklər» operalarının, mahnıların müəllifidir.

 

Dünya

 

19 fevral 1743 – İtalyan bəstəkarı, simli kvartet musiqi janrının banilərindən Luici Bokkerini (Luigi Boccherini; 1743-1805) anadan olub.

 

20 fevral 1729 – Rus peşəkar teatrının banisi, aktyor Fyodor Volkov (1729-1763) anadan olub.

20 fevral 1925 – Amerika rejissoru, Kann, Venesiya, Berlin festivallarının qalibi, ssenarist Robert Oltmen (Robert Altman; 1925-2006) anadan olub.

 

21 fevral “Beynəlxalq ana dili günü”dür (International Mother Language Day). 1999-cu ildə UNSECO tərəfindən milli dillərin və mədəni müxtəlifliyin qorunması məqsədilə təsis edilib.

 

21 fevral 1906 – Rus boyakarı, qrafik, kitab illüstrasiyasının tanınmış ustası, SSRİ Xalq rəssamı Yevgeni Adolfoviç Kibrik (1906-1978) anadan olub.

21 fevral 1925 - Amerika kinorejissoru, vestern janrının tanınmış simalarından Sem Pekinpa (David Samuel “Sam” Peckinpah; 1925-1984) anadan olub.

 

22 fevral 1788 – Alman filosofu, irrasionalizmin banilərindən biri Artur Şopenhauer (Arthur Schopenhauer; 1788-1860) anadan olub.

Hazırladı:  Vüqar ORXAN