Çili sahillərindən 3700 kilometr aralıdakı Pasxa
Elmin, texnikanın inkişaf etdiyi bir dövrdə hələ də dünyanın bir sıra məkanlarının, qədim tikililərin sirrini açmaq mümkün olmayıb. Belə nümunələr dünyanın bir çox yerlərində var. Onların arasında ən müəmmalı məkan Sakit okeanın cənub-şərqində, Cənubi Amerika materikindən – Çili sahillərindən 3700 kilometr aralıda yerləşən Pasxa adasıdır. Bura Yer kürəsinin ən xəlvəti məkanlarından biri hesab olunur. Yerli sakinlər onu Rapa-Nui adlandırırlar. Dünyada isə həmin ərazi Pasxa adası kimi tanınır. Hollandiyalı dənizçilər 1722-ci ildə adanı Pasxa bayramında kəşf etdikləri üçün onu belə adlandırıblar.
Pasxa adasının ən məşhur müəmması “moai” adlanan nəhəng daş heykəllərdir. Daşlaşmış vulkan külündən yonulmuş bu müəmmalı monolitlər insan başı formasındadır. Adada olan 887 heykəldən 397-si bilavasitə Rano Raraku vulkanının yaxınlığındadır. O biri heykəllər də bu vulkanın kraterində yonulub. Pasxa adasının, demək olar ki, bütün heykəlləri sahil zonasında yerləşir və adanın içinə baxır. Moailərin adi ölçüsü 3-5 metr, orta çəkisi 5 tona yaxındır.
Ehtimallara görə, Pasxa adasının heykəlləri IX-XVI əsrlərdə ucaldılıb. Bu nəhəng heykəllər sirlə doludur. Heykəllərin indi olduqları yerə necə gətirilməsi də xüsusi suallar doğurur. Güman edilir ki, heykəllər yonulduqdan sonra xüsusi arabalarda adanın sahilinə gətirilərək yerləşdirilib. Yerli əhali isə israrla iddia edir ki, onların özü hərəkət edir.
İkincisi, moai heykəllərinin hansı məqsədlə yaradılması da sirdir. Versiyalardan birinə görə, onlar dünyasını dəyişən hökmdarların şərəfinə ucaldılıb. Ən qəribəsi isə budur ki, moailərin çoxu yarımçıq qalıb və hələ də daş karxanasındadır. Elə təəssürat yaranır ki, sanki işlər qəflətən dayanıb.
Buradakı heykəllərin bir çoxunu ora səfər edən dənizçilər öz ölkələrinə daşıyıb aparıblar. Hündürlüyü 2,42 metr olan bu heykəllərdən biri 1868-ci ildən Britaniya Muzeyində saxlanılır. Həmçinin burada yerləşən heykəllərin çoxu zəlzələ, sunami kimi təbii hadisələr nəticəsində ziyan görüb. 1995-ci ildə buradakı heykəllər UNESCO tərəfindən Dünya irsi siyahısına salınıb.
Bu mədəniyyəti yaratmış insanların nəslinin kəsilmə səbəbi də sirr olaraq qalır. Bəzi elm adamları hesab edirlər ki, dünyadan təcrid halında yaşayan ada sakinləri tarixin bir dövründə özlərinə yeni din yaradıblar. Bu heykəlləri də həmin dinin rituallarına uyğun olaraq hazırlayıblar. Alimlərin fikrincə, sakinlər bu cür böyük heykəlləri hazırlamaq və daşımaq üçün adadakı bütün ağacları kəsiblər. Nəticədə ağacsız torpaqlarda eroziya prosesi başlayıb və bir zamanlar mövcud olmuş məhsuldar torpaqlar yararsız səhralığa çevrilib. Bu da həmin sivilizasiyanın məhvinə gətirib çıxarıb.
Qeyd edək ki, 1722-ci ildə adanı kəşf etmiş holland dənizçiləri Rapa-Nui cəmiyyətini və mədəniyyətini tənəzzül durumunda görüblər. Qul ticarəti ilə məşğul olan dənizçilərin burada qalan az sayda insanları, o cümlədən tayfa başçılarını, tarixin, ənənənin qoruyucularını, heroqlif mətnlərinin biliciləri olan yerli kahinləri əsir götürmələri yerli mədəniyyətin axırına çıxıb.
Hazırda Çiliyə məxsus bu adada yaşayan əhalinin əsas gəlir mənbəyi turizmdir. Adada 1967-ci ildə hava limanının istifadəyə verilməsi bölgəni xarici ziyarətçilər üçün daha da cəlbedici edib.
Hazırladı: F.HÜSEYNOV