Azərbaycan

23 fevral 1909 – Azərbaycan ədəbiyyatı tarixinin görkəmli tədqiqatçısı, akademik Həmid Məmmədtağı oğlu Araslı (1909 – 20.11.1983) Gəncədə anadan olub.

23 fevral 1911 – Xalq artisti, rejissor Şəmsi Bədəl bəy oğlu Bədəlbəyli (1911 - 23.5.1987) Şuşada doğulub. Milli Dram Teatrının rejissoru, Musiqili teatrın, Dövlət Filarmoniyasının bədii rəhbəri və direktoru olub. “O qızı tapın”, “Axırıncı aşırım” və s. filmlərdə çəkilib.

23 fevral 1938 – Tarix elmləri doktoru, etnoqraf Qəmərşah Cavadov (1938-2005) Quba rayonunun Aydınkənd kəndində anadan olub.

23 fevral 1943 – Şair, publisist Səyavuş Əli oğlu Sərxanlı (1943-2005) anadan olub.

23 fevral 2003 – Xalq artisti Həsənağa Turabov (24.3.1938 - 2003) vəfat edib. 1960-cı ildən Akademik Dram Teatrında çalışıb, 1987-2001-ci illərdə teatra rəhbərlik edib. Filmlərdə (“Yeddi oğul istərəm”, “Babək”, “Dantenin yubileyi”, “Qəm pəncərəsi” və s.) çəkilib, “Qaçaq Nəbi” filminə quruluş verib.

 

24 fevral 1864 – Mütəfəkkir, yazıçı, şair, rəssam, ictimai xadim Əli bəy Molla Hüseyn oğlu Hüseynzadə (1864-17.03.1940) Salyanda doğulub. Peterburq və İstanbulda ali təhsil alıb, Bakıda “Həyat”, “Kaspi” qəzetlərinin, “Füyuzat” jurnalının redaktoru olub. 1910-cu ildən Türkiyədə yaşayıb, İstanbul Universitetində dərs deyib. Ə.Hüseynzadənin “türkçülük, çağdaşlıq və islamiyyət” fəlsəfəsi Azərbaycanın üçrəngli bayrağının ideoloji əsasını təşkil edir.

24 fevral 1881 – Görkəmli şair, yazıçı, pedaqoq Abdulla Şaiq (Abdulla Mustafa oğlu Talıbzadə; 1881-24.7.1959) anadan olub. Azərbaycan uşaq ədəbiyyatına böyük töhfələr verib. «Gülzar», «Milli qiraət kitabı» və s. dərsliklər yazıb, ali məktəblərdə ədəbiyyat tarixindən dərs deyib.

 

25 fevral 1910 – Tanınmış rəssam Rüstəm Məmməd oğlu Mustafayev (1910 – 19.7.1940) anadan olub. Azərbaycanda teatr-dekorasiya sənətinin yaradıcılarından sayılır. «Koroğlu» operasının ilk quruluşunun (1937) bədii tərtibatını verib.

 

Dünya

 

23 fevral 1685 – Alman bəstəkarı Georq Hendel (George Frideric Handel; 1685-1759) anadan olub.

23 fevral 1873 – Gürcü bəstəkarı Dmitri İqnatyeviç Arakişvili (1873 - 13.8.1953) anadan olub. İlk gürcü operasının (“Şota Rustaveli haqqında rəvayət”) müəllifidir.

23 fevral 1878 – Polyak əsilli rus abstraksionist rəssamı Kazimir Severinoviç Maleviç (1878-1935) Kiyevdə doğulub.

23 fevral 1878 – Tatar yazıçı-publisisti Qayaz İsxaki (1878-22.7.1954) anadan olub. Rusiya müsəlmanlarının liderlərindən olub. Sovetləşmədən sonra Almaniyada, sonra Türkiyədə yaşayıb.

23 fevral 1944 – Məşhur rus aktyoru, SSRİ Xalq artisti Oleq Yankovski (1944-2009) anadan olub.

 

24 fevral 1786 – Alman yazıçısı, folklorşünas-filoloq Vilhelm Qrim (Wilhelm Karl Grimm; 1786-1859) anadan olub. Qardaşı Yakob Qrim (1785-1863) ilə birlikdə alman nağılları toplusunu hazırlayıblar.

 

25 fevral 1707 – İtalyan dramaturqu Karlo Qoldoni (Carlo Goldoni; 1707-1793) anadan olub. 200-dən çox pyes yazıb.

25 fevral 1841 – Fransız rəssamı, qrafik və heykəltəraş, impressionizmin banilərindən biri Pyer Ogüst Renuar (Pierre-Auguste Renoir; 1841-1919) anadan olub.

25 fevral 1871 – Ukrayna ədəbiyyatının klassiki, yazıçı və şairə Lesya Ukrainka (Larisa Petrovna Kosaç-Kvitka; 1871-1913) anadan olub.

25 fevral 1907 – Türk yazıçısı və şairi Səbahəddin Əli (1907 - 2.4.1948) Ədirnə vilayətində doğulub. “Kuyucaklı Yusif”, “İçimizdəki şeytan” və s. romanların müəllifidir.

 

26 fevral 1564 – İngilis şairi və dramaturqu Kristofer Marlo (Christopher Marlowe; 1564-1593) anadan olub.

26 fevral 1802 – Fransız yazıçısı, şair, dramaturq Viktor Hüqo (Victor-Marie Hugo; 1802 - 22.5.1885) anadan olub. Fransız romantizminin banisi, «Səfillər», «Gülən adam», «Paris Notr-Dam kilsəsi» və s. romanların müəllifidir.

Hazırladı:  Vüqar ORXAN