13 yaşında qazandığı populyarlıq hələ də ona yetir

1985-ci ildə Mərkəzi televiziyada göstərilən 5 seriyalı “Gələcəkdən gəlmiş qonaq” fantastik filmində kiçikdən-böyüyə tamaşaçı sevgisini qazananda onun 13 yaşı vardı. İllər sonra hələ də həmin rəğbət və sevgini yaşamaqdadır...

Natalya Quseva (Muraşkeviç) 15 fevral 1972-ci ildə Moskva vilayətinin Zveniqorod şəhərində anadan olub. Valideynləri incəsənətdən uzaq sahədə çalışırdı – atası fəhlə, anası isə tibb işçisi idi. Özünün də incəsənətə meyli yox idi. O, uşaqlıqdan həşəratları xoşlayırdı, biologiyaya xüsusi marağı vardı.

1983-cü ildə rejissor Viktor Volkov “Heç nədən təhlükə” qısametrajlı filminə məktəbli qız axtarışına çıxır. Rejissor onun oxuduğu məktəbə gəlib siniflərindən seçim etmək istəyəndə, müəlliməsi əlaçı və gözəl diksiyası olduğuna görə Natalyanı məsləhət görür. Bunun ardınca isə M.Qorki adına kinostudiyada məşhur fantast-yazıçı Kir Bulıçevin (İqor Mojeyko) “Yüz il bundan irəlidə” romanı əsasında çəkilən “Gələcəkdən gəlmiş qonaq” fantastik filmində baş rola dəvət alır.

Uşaqlıqdan fantastika ilə maraqlanan Natalya tərəddüd etmədən razılaşır, hətta çəkilişlər zamanı istəyir ki, kaskadyor hərəkətlərini də o özü etsin. Natalya çəkilişdən sonra valideynlərinə deyirdi ki, mənə bu rolu oynamaq o qədər asandır ki, elə bil mən Alisanı yox, həyatımı canlandırıram.

“Gələcəkdən gəlmiş qonaq” 25-29 mart 1985-ci ildə məktəblilərin yaz tətili günlərində teleekrana çıxır və Natalya milyonların sevgisini qazanır. Tezliklə kiçikyaşlı qız sovet kinematoqrafiyasının “böyük adamı”na çevrilir. Onun şəkilləri qəzet, jurnal, açıqca və hətta markalarda da çap olunmağa başlayır. Lakin bu məşhurluq Natalyanı heç dəyişmir. Bundan sonra  “Əsrin yarışı”, “Bənövşəyi şar”, “Kainatın iradəsi” və s. filmlərə çəkilsə də, hamının yaddaşında gözəl Alisa olaraq qalır...

1989-cu ildə orta məktəbi bitirərək Moskva Texnologiya Universitetinin Biotexnologiya fakültəsinə daxil olur. 1994-cü ildə ali təhsili başa vuraraq elmi tədqiqat institutunda, bir müddət sonra isə yoluxucu xəstəliklərin təyin edilməsi üçün immunofermental test sistemləri istehsal edən şirkətdə işləməyə başlayır.

Şəxsi həyatına gəlincə, Natalya ilk dəfə 1993-cü ildə Belarusun “Svoy kruq” telekompaniyasının rəhbəri Denis Muraşkeviçlə ailə həyatı qurur. Denis də bir çox gənclər kimi onun “Gələcəkdən gəlmiş qonaq” filmindən pərəstişkarı olmuşdu. 1996-cı ildə onların bir qızı dünyaya gəlir, adını Alesya qoyurlar. Lakin 2001-ci ildə onlar ayrılır. 2013-cü ildə o, “Rusfond”un dizayneri və bədii rəhbəri Sergey Ambinderə ərə gedir. Bu nikahdan da bir qızları (Sofiya) olur.

Natalya təxminən 20 illik fasilədən sonra qısa müddətə kinoya qayıdır. 2009-cu ildə “Alisanın ad günü” animasiya filmində personajlardan birini səsləndirir. Həmçinin “Tökmə” serialına da çəkilir. Amma aktrisalığa artıq elə də maraq göstərmir. Yeniyetmə ikən qazandığı populyarlıq ona yetir. Bu yaxınlarda 47 yaşını qeyd edən Natalya Quseva hazırda işləmir, bütün vaxtını ailəsi ilə birgə keçirməyi xoşlayır.

Səbinə ƏLİBALAQIZI