Azərbaycan
2 mart 1945 – Tərcüməçi, nasir, filologiya elmləri doktoru Zeydulla Abdulla oğlu Ağayev (1945 - 17.2.2014) Masallı rayonunda anadan olub. İngilis dilindən ədəbi tərcümələr edib, Azərbaycan yazıçılarının əsərlərini ingiliscəyə çevirib.
3 mart 1873 – Maarif xadimi, yazıçı, tərcüməçi Abdulla bəy İsmayıl oğlu Əfəndizadə (1873-1928) Şəkidə doğulub. Uşaqlar üçün şeirlər, hekayələr yazıb. Görkəmli maarifpərvər Rəşid bəy Əfəndiyevin qardaşıdır.
3 mart 1912 – Yazıçı Manaf Süleymanov (1912 – 12.9.2001) anadan olub. Köhnə Bakı haqqında “Eşitdiklərim, oxuduqlarım və gördüklərim” adlı tarixi-ensiklopedik kitabın, “Dalğalar qoynunda”, “Fırtına”, “Zirvələr”, “Yerin sirri” və s. romanların müəllifidir.
3 mart 1926 – Şairə, ədəbiyyatşünas Hökumə İbrahim qızı Billuri (1926 - 22.11.2000) Cənubi Azərbaycanın Zəncan şəhərində doğulub. M.Şəhriyarın farsca şeirlərini Azərbaycan, Azərbaycan ədiblərinin əsərlərini fars dilinə tərcümə edib.
3 mart 1928 – Yazıçı Namiq Ələkbər oğlu Abdullayev (1928 - 22.9.1992) anadan olub. Fantastik mövzuda “Sehrli oğlan”, “İtirilmiş dünya”, “Balaca Kiberin macəraları” və s. kitabların müəllifidir.
3 mart 1937 – Yazıçı Fərman İsmayıl oğlu Kərimzadə (1937-1989) Ermənistanın Vedi rayonunun Böyük Vedi kəndində anadan olub. “Çaldıran döyüşü”, “Xudafərin körpüsü”, “Qarlı aşırım”, “Təbriz namusu” və s. əsərlərin müəllifidir.
Dünya
2 mart 1824 – Çex milli bəstəkarlıq məktəbinin yaradıcısı, pianoçu və dirijor Bedrix Smetana (Bedrich Smetana; 1824-1884) anadan olub.
2 mart 1859 – Yəhudi milli ədəbiyyatının (idiş dilində) yaradıcılarından biri, yazıçı-dramaturq Şolom-Aleyxem (Şolom Naumoviç Rabinoviç; 1859-1916) anadan olub.
2 mart 1824 – Rus yazıçısı və pedaqoqu, uşaqlar üçün nağılların müəllifi Konstantin Dmitriyeviç Uşinski (1824-1871) anadan olub.
3 mart 1879 – Litva lirik nəsrinin banisi, şair, publisist Yonas Bilyunas (1879-1907) anadan olub.
3 mart 1919 – Cənubi Afrika yazıçısı Peter Abrahams (1919-2017) anadan olub. Qara Qarayev 1958-ci ildə yazıçının “İldırımlı yollarla” romanının motivləri əsasında eyniadlı balet (librettonun müəllifi Y.Slonimski) yazıb.
4 mart 1678 – Məşhur italyan bəstəkarı, skripkaçı, dirijor Antonio Vivaldi (Antonio Lucio Vivaldi; 1678-1741) Venesiyada doğulub. “İlin fəsilləri” (skripka üçün 4 konsert) adlı əsəri ilə şöhrət qazanıb.
4 mart 1908 – Rus yazıçısı Boris Nikolayeviç Polevoy (əsl soyadı Kampov; 1908-1981) anadan olub. “Əsl insan haqqında povest” ilə məşhurdur.
4 mart 1925 – Fransız bəstəkarı, aranjimançı, dirijor Pol Moria (Paul Mauriat; 1925-2006) anadan olub. Lirik kompozisiyaları ilə dünya şöhrəti qazanıb.
Hazırladı: Vüqar ORXAN