Milli Məclisin Mədəniyyət komitəsinin sədri, AMEA-nın Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru, akademik Rafael Hüseynovun musiqi sənətimizin görkəmli nümayəndəsi, ustad xanəndə, tanınmış pedaqoq, Xalq artisti Hacıbaba Hüseynovun xatirəsinə həsr etdiyi kitabı çapdan çıxıb.
Kitab ölkə başçının müvafiq sərəncamı ilə 100 illiyi qeyd edilən Hacıbaba Hüseynovun yubileyinə töhfədir.
Kitabda Azərbaycan muğam ifaçılığı tarixində xüsusi yer tutan sənətkarın ömür və sənət yoluna nəzər salınıb. Bildirilir ki, Hacıbaba Hüseynovun ədəbi irsi 400-ə yaxın qəzəl, müxəmməs, qitə, təmsil, qoşma və digər mənzumələrdən ibarətdir. O, musiqi xəzinəmizə həm sözlərinin, həm də melodiyalarının müəllifi olduğu bir sıra təsnifləri yadigar qoyub.
Bu nəşr Rafael Hüseynovun 30 ildən çox müddətdə apardığı tədqiqatlar, çoxlu sayda əlyazma və arxiv materialları, eləcə də sənət xadimlərimizlə müntəzəm ünsiyyət və müsahibələrinin bəhrəsi kimi meydana gəlib. Kitabda unudulmaz sənətkarın ömrünün geniş kütlələrə az məlum olan bir çox maraqlı təfərrüatları barədə söz açılır. Bildirilir ki, məşhur xanəndə qədim muğamlarımızın misilsiz ifaçısı olmaqla yanaşı, həm də istedadlı qəzəlxan idi. O, qəzəllərini təkcə özü ifa etməyib, onun qəzəlləri başqa xanəndələrin repertuarında da yer tutmaqdadır. Yaratdığı təsniflər muğam ifaçılığında geniş yayılıb. Sənətkar uzun illər muğamatdan dərs deyərək xanəndələr yetişdirib və yeni məktəb yaradıcısı kimi şöhrət tapıb.