Qazaxıstanın Pavlodar şəhərində keçirilən “İpək Yolu” beynəlxalq musiqi müsabiqəsində ölkəmiz də uğurla təmsil olunub. 22-28 fevral tarixində gerçəkləşən müsabiqənin fortepiano, vokal, simli, nəfəs, xalq çalğı alətləri nominasiyası üzrə 9 ölkədən 700 nəfərdən çox iştirakçısı olub.

Müsabiqədə Bülbül adına Orta İxtisas Musiqi Məktəbi, Azərbaycan Milli Konservatoriyası nəzdində Musiqi Kolleci və İncəsənət Gimnaziyası, Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin T.Quliyev adına 12 nömrəli, R.Hacıyev adına 15 nömrəli, G.Şaroyev adına 35 nömrəli musiqi məktəbləri ilə yanaşı, Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin tələbə və şagirdləri diplom və mükafatlara layiq görülüblər. Təmsilçilərimizi aparıcı konsertmeyster, Azərbaycan Milli Konservatoriyasının baş müəllimi Svetlana Əhmədova müşayiət edib.

Martın 4-də Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbində müsabiqə qaliblərinin iştirakı ilə konsert təşkil edilib. Tədbirdə musiqi və incəsənət məktəblərinin direktorları, valideynlər iştirak edib.