Azərbaycan

11 mart 1925 – Xalq artisti Bəşir Səfəroğlu (1925 – 23.3.1969) anadan olub. 1942-ci ildən Musiqili Komediya Teatrında tamaşaçı rəğbəti qazanan obrazlar yaradıb. “Əhməd haradadır?”, “Ulduz”, “Xoca Nəsrəddinin 12 qəbri” (“Tacikfilm”) və s. filmlərdə çəkilib.

 

12 mart 1904 – Xalq yazıçısı Əbülhəsən (Əlibaba oğlu Ələkbərzadə; 1904-1986) anadan olub. “Yoxuşlar”, “Müharibə”, “Dostluq qalası”, “Dünya qopur” və s. romanların müəllifidir.

12 mart 1906 – Xalq şairi, dramaturq, Sosialist Əməyi Qəhrəmanı Süleyman Rüstəm (Süleyman Əliabbas oğlu Rüstəmzadə; 1906 - 10.6.1989) Bakıda anadan olub. Kitabları: “Ələmdən nəşəyə”, “İki sahil”, “Durna” (komediyalar), “Təbrizim”, “Azərbaycana gəlsin” və s.

12 mart 1933 – Xalq şairi Cabir Novruz (Cabir Mirzəbəy oğlu Novruzov; 1933 -12.12.2002) Xızı rayonunun Upa kəndində doğulub. Şeirlərinə populyar mahnılar (“Cavanlığım”, «Ey həyat, sən nə qəribəsən», “Tələbəlik illəri”, “Tələsin, insanlar” və s.) bəstələnib.

12 mart 1942 - Fəlsəfə elmləri doktoru, AMEA-nın akademiki Əfrand Firudin oğlu Daşdəmirov (1942-2015) Bakıda anadan olub.

 

13 mart 1899 – Xalq artisti Məmmədəli Hacı Heydər oğlu Vəlixanlı (Heydərzadə; 1899 - 12.4.1969) Bakının Fatmayı kəndində doğulub. Milli Dram Teatrında fəaliyyət göstərib, “Görüş” filmində (Çayçı) çəkilib.

13 mart 1927 – Xalq artisti Nodar Şaşıqoğlu (Nodar İzzətoviç Şaşıqoğlu; 1927 - 12.4.2013) Batumi şəhərində anadan olub. Moskva və Sankt-Peterburq teatrlarında, Azərbaycan Dövlət Rus Dram Teatrında çalışıb. “Uzaq sahillərdə”, “Əsl dost”, “Telefonçu qız” və s. filmlərdə yaddaqalan obrazlar yaradıb.

13 mart 1928 – Əməkdar artist, skripka ifaçısı Azad Həmzə oğlu Əliyev (1928 - 17.8.1994) anadan olub. Azərbaycan Dövlət Simfonik Orkestrinin konsertmeysteri olub.

13 mart 1994 –  Görkəmli aktyor Həsən Abbasqulu oğlu Əbluc (22.4.1942 - 1994) vəfat edib. Teatr və televiziya tamaşalarında, kinoda (“Qanlı zəmi”, “Tənha narın nağılı”, “Ölsəm... bağışla”) maraqlı obrazlar yaradıb, “Pəncərə” filmini (Ə.Əbluc ilə birgə) çəkib.

 

14 mart 1919 – Satirik şair Əliqulu Qəmküsar (Əliqulu Məşədi Ələkbər oğlu Nəcəfov; 1880-1919) Tiflisdə qətlə yetirilib. “Molla Nəsrəddin” jurnalının tanınmış müəlliflərindən olub.

14 mart 1938 – Ədəbiyyatşünas, filologiya elmləri doktoru, professor Samət Qüdrət oğlu Əlizadə (1938 – 31.2.2002) Xızı qəsəbəsində anadan olub.

 

Dünya

 

11 mart 1544 – İtalyan şairi Torkvato Tasso (Torquato Tasso, 1544-1595) anadan olub.

11 mart 1818 – Fransız əsilli rus baletmeysteri, tanınmış pedaqoq Marius İvanoviç Petipa (1818-1910) anadan olub.

 

12 mart 1672 – İrland əsilli ingilis yazıçısı, maarifçi ədəbiyyatın banilərindən biri Riçard Stil (Richard Steele; 1672-1729) anadan olub.

12 mart 1728 – Alman rəssamı, klassisizmin tanınmış nümayəndəsi Anton Rafael Menqs (Anton Raphael Mengs; 1728-1779) anadan olub.

 

13 mart 1838 – İtalyan yazıçısı, tarixi romanlar (“Spartak” və s.) müəllifi Rafaello Covanyoli (Raffaello Giovagnoli; 1838-1915) anadan olub.

13 mart 1900 – Yunan şairi, ədəbiyyat üzrə Nobel mükafatı (1963) laureatı Giorgos Seferis (1900-1971) anadan olub.

13 mart 1910 – Türk yazıçısı Kamal Tahir Dəmir (1910 – 21.4.1973) anadan olub. “Əsir şəhərin insanları”, “Yeddiçınar yaylası”, “Yorğun savaşçı”, “Dövlət ana”, “Qurd qanunu” və s. romanların müəllifidir.

13 mart 1913 – Rus şairi, yazıçı, dramaturq Sergey Vladimiroviç Mixalkov (1913-2009) anadan olub. SSRİ-nin və Rusiyanın dövlət himnlərinin sözlərinin, uşaqlar üçün çoxsaylı əsərlərin müəllifidir.

 

14 mart 1681 – Alman bəstəkarı, musiqişünas Georq Filip Teleman (Georg-Philipp Telemann; 1681-1767) anadan olub. 40-dək operanın müəllifidir.

14 mart 1804 – Avstriya bəstəkarı, skripkaçı, dirijor, “Vyana” valsının yaradıcısı Yohann Ştraus (Johann Strauss; 1804-1849) anadan olub. Üç oğlu (Yohann, Yozef, Eduard) da məşhur bəstəkar olublar.

14 mart 1823 – Fransız yazıçı və şairi, incəsənət nəzəriyyəçisi Teodor de Banvil (Theodore Faullain de Banville; 1823-1891) anadan olub.

Hazırladı:  Vüqar ORXAN