Martın 15-də Muzey Mərkəzində Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinə hədiyyə olunmuş Türkiyənin musiqi alətlərinin təqdimat mərasimi keçirildi.

Mərasimdə muzeyin direktoru, Əməkdar mədəniyyət işçisi Alla Bayramova mədəniyyət ocağının fəaliyyəti haqqında məlumat verdi. Bildirdi ki, hazırda muzeyin fondunda 60 min eksponat var. Burada Türkiyə ilə yanaşı bir neçə ölkədən də muzeyə hədiyyə olunmuş eksponatlar yer alır.

Diqqətə çatdırıldı ki, Türkiyə Cümhuriyyəti Xarici İqtisadi Əlaqələr Qurumunun (DEİK) Türkiyə-Azərbaycan İşgüzar Şurasının rəhbəri Selcuk Akatın təşəbbüsü ilə musiqi alətləri ustası Feridun Obul tərəfindən hazırlanan cura, tütək, Qara dəniz kamançası, Qabaq kamanı kırbız, qoşanağara, lavta, nefir, zurna, ney, sipsi və cümbüş (iki ədəd) – ümumilikdə 12 türk musiqi aləti muzeyə hədiyyə olunub. Bu musiqi alətlərinin muzeyin ekspozisiyasını daha da zənginləşdirdiyini deyən A.Bayramova dəyərli hədiyyələrə görə minnətdarlığını ifadə etdi.

Tədbirdə çıxış edən mədəniyyət naziri Əbülfəs Qarayev Azərbaycanın muzey şəbəkəsində Musiqi Mədəniyyəti Dövlət Muzeyinin xüsusi yer tutduğunu bildirdi. Qeyd etdi ki, muzey ölkəmizdə musiqi sənətinin qədim tarixi və zənginliyi haqqında əyani təsəvvür yaradır. Diqqətə çatdırıldı ki, Azərbaycan musiqi sənəti dünyada geniş tanınır, muğam, tar, kamança ifaçılıq sənəti, aşıq sənətimiz UNESCO-nun Qeyri-maddi mədəni irs siyahısında yer alaraq bəşəri status qazanıb.

Bu gün Azərbaycan mədəniyyətinin yeni inkişaf dövrünü yaşadığını qeyd edən nazir martın 1-də Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın mədəniyyət və incəsənət nümayəndələri ilə görüşünün ictimaiyyət tərəfindən olduqca maraqla qarşılandığını dedi: “Həmin görüşdə Azərbaycanda musiqi alətləri kolleksiyasının yaradılması təklifi də irəli sürüldü. Bugünkü tədbir də bu baxımdan çox əhəmiyyətlidir”.

Əbülfəs Qarayev iki qardaş ölkə arasında bütün sahələrdə olduğu kimi, mədəniyyət sahəsində də əlaqələrin yüksək səviyyəsindən məmnunluğunu bildirdi: “Türkiyə və Azərbaycan qardaş ölkələr olaraq mədəniyyət sahəsində də uğurla əməkdaşlıq edirlər. Qarşılıqlı mədəni tədbirlər, təqdimatlar keçirilir. Bu yaxınlarda Ankara və İstanbul şəhərlərində Azərbaycanın böyük şairi İmadəddin Nəsiminin 650 illik yubileyini geniş şəkildə qeyd etdik. Bir neçə gün öncə Türkiyənin ölkəmizdəki səfirliyində Novruz bayramına həsr olunmuş gözəl bir tədbir keçirildi. Bütün bunlar mədəniyyət sahəsində münasibətlərimiz haqqında aydın təsəvvür yaradır”.

Nazir sonda Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinə hədiyyə olunmuş musiqi alətlərinə görə qardaş ölkənin səfirliyinə, Türkiyə Cümhuriyyətinin Xarici İqtisadi Əlaqələr Qurumuna öz minnətdarlığını bildirdi.

Mərasimdə çıxış edən Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva türk dünyasının ayrılmaz hissələri olan Türkiyə və Azərbaycan arasında dostluq əlaqələrindən və əməkdaşlıqdan söz açdı. Vurğuladı ki, bugünkü tədbir türk dünyasının böyük oğlu, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin “Bir millət, iki dövlət” kəlamının daha bir təzahürüdür.

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun fəaliyyətindən bəhs edən G.Əfəndiyeva bildirdi ki, qurumun başlıca məqsədlərindən biri türk dünyasının mədəni irsinin, o cümlədən musiqisinin qorunub saxlanılması və dünyada təbliğidir. O, türkdilli ölkələrin mədəni irsinin daha dərindən öyrənilməsi və geniş auditoriyaya çatdırılması məqsədilə Fondun himayəsi altında Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin nəzdində “Türk Dünyasının Musiqi Alətləri Mərkəzi”nin yaradılmasını təklif etdi.

Türkiyənin ölkəmizdəki səfiri Erkan Özoral çıxışında iki ölkənin qardaşlıq əlaqələri ilə yanaşı, güclü mədəniyyət bağlılıqlarının da olduğunu dedi. Qeyd etdi ki, bu kontekstdə musiqi sahəsinin məxsusi yeri var. Hər iki ölkənin zəngin musiqi ənənələrinin olduğunu qeyd edən səfir bu sahədə əlaqələrin daha da inkişafının diqqətdə saxlanılmasının əhəmiyyətli olduğunu vurğuladı.

Türkiyə Cümhuriyyətinin Xarici İqtisadi Əlaqələr Qurumunun Türkiyə-Azərbaycan İşgüzar Şurasının rəhbəri Selcuk Akat çıxış edərək tədbirin əhəmiyyətindən söz açdı. Qeyd olundu ki, bu cür təqdimatların keçirilməsi mədəniyyət sahəsində əlaqələrin daha da inkişafına xidmət edir.

Tədbir Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin Qədim musiqi alətləri ansamblının ifasında konsert proqramı ilə davam etdi.

Fariz HÜSEYNOV