Üçüncü dəfə keçirilən “Testene Art Baku” Beynəlxalq incəsənət festival-müsabiqəsinə martın 17-də R.Behbudov adına Dövlət Mahnı Teatrında yekun vurulub. Festival-müsabiqə Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin dəstəyi, İtaliya Beynəlxalq Mədəniyyət Assosiasiyasının və Cövdət Hacıyev adına 3 nömrəli onbirillik Musiqi məktəbinin təşkilatçılığı ilə keçirilib.
Festival-müsabiqənin bədii rəhbəri İqor Bubençikov tədbirin əvvəlində Viktor Pelenyaqre, Lüdmila Sinyaqovskaya, Gülnara Fyodorova (Rusiya), Françesko Pedaçi (İtaliya), Petras Kunca (Litva), Bibigül İzdenova (Qazaxıstan) və Ağaverdi Paşayevdən (Azərbaycan) ibarət münsiflər heyətini təqdim edib.
Münsiflər heyətinin üzvləri hər yaş qrupu üzrə ayrı-ayrılıqda I, II, III yerlərin sahiblərini elan ediblər, qaliblərə kubok, diplom və medallar təqdim olunub.
Qran-pri mükafatına Naxçıvan Musiqi Kollecinin tələbəsi, nağara ifaçısı Hacılı Nəcəf (17-19 yaş qrupu) layiq görülüb və İtaliyada keçiriləcək festival-müsabiqəyə vəsiqə qazanıb.
Sonda festival-müsabiqə qaliblərinin qala-konserti keçirilib. Qaliblərlə yanaşı münsiflər heyətinin üzvü, Bolonya Konservatoriyasının müəllimi vokalçı Françesko Pedaçi də çıxış edib. 2-ci “Testene Art Baku” festival-müsabiqənin qalibi olmuş Rza Xosrovzadə ilə münsiflər heyətinin sədri Viktor Pelenyaqrenin birgə ifası da alqışlarla qarşılanıb.