Azərbaycanlıların Soyqırımı Gününə həsr edilmiş musiqi axşamı
M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının Kamera və orqan musiqisi zalında martın 27-də “Həsrətə son” adlı musiqi axşamı keçirilib.
31 mart – Azərbaycanlıların Soyqırımı Gününə həsr edilmiş konsert proqramında Əməkdar artist, beynəlxalq müsabiqələr laureatı, Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının (BMA) müəllimi, kontratenor İlham Nəzərov və BMA-nın doktorantı Günel Bəkirova (fortepiano) çıxış edib.
Konsertdə Frans Şubertin “Qu quşunun nəğməsi” adlı vokal məcmuəsi səslənib. Məcmuə 14 mahnıdan ibarətdir. Əsərin mövzusu insan və onun mənəvi iztirabları, keçirdiyi daxili sarsıntıları və faciəsidir. Məcmuəyə daxil olan mahnılar qəmli və son dərəcə dramatikdir.
Vokal məcmuə Bakıda, eləcə də dünyada ilk dəfə olaraq azərbaycanlı kontratenor tərəfindən ifa edilib və alqışlarla qarşılanıb.