Fikrət Əmirov adına Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblı Fransanın Kle-Suiyi şəhərində Novruz bayramı münasibətilə konsert proqramı ilə çıxış edib.
Konsert Azərbaycanın Dostları Assosiasiyasının (ADA) və Kle-Suiyi şəhər meriyasının birgə əməkdaşlığı, həmçinin ölkəmizin Fransadakı səfirliyi və Paris Azərbaycan Evinin dəstəyi ilə reallaşıb. Konsertdə Kle-Suiyi şəhərinin meri İv Albarello, ADA prezidenti Jan-Fransua Mansel, Azərbaycanın Fransadakı səfirliyinin mədəniyyət işləri üzrə müşaviri Vaqif Ağayev, Azərbaycanın UNESCO yanında daimi nümayəndəliyinin əməkdaşı Rəşad Baratlı, bu şəhərdə fəaliyyət göstərən assosiasiyaların nümayəndələri, meriyanın işçiləri, habelə şəhər əhalisi və digər şəxslər iştirak ediblər.
Tədbirdə çıxış edən Kle-Suiyi şəhərinin meri İv Albarello ölkəmizi ilk dəfə məhz Azərbaycan Dostları Assosiasiyasının prezidenti Jan-Fransua Manselin sayəsində tanıdığını bildirib. O, Azərbaycanın zəngin mədəniyyətini tərənnüm edən bir konsert proqramının Kle-Suiyi şəhərində keçirilməsindən şad olduğunu bildirib.
ADA prezidenti Jan-Fransua Mansel ölkəmizdə millətindən, dinindən asılı olmayaraq insanların birgə mehriban şəraitdə yaşadığını söyləyib. Vurğulayıb ki, bu dəyərləri Fransada tanıtmaq və təbliğ etmək assosiasiyanın məqsədlərindən biridir. O, həmçinin qonaqlara UNESCO-nun Qeyri-maddi mədəni irs siyahısına daxil olan, sülh, dostluq, qardaşlıq rəmzi sayılan Novruz bayramı haqqında da məlumat verib.
Qonaqlar Əməkdar mədəniyyət işçisi Elçin Abbasovun rəhbərliyi ilə Fikrət Əmirov adına Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının ifasında milli rəqslərimizə böyük maraqla tamaşa ediblər. Ansamblın solistləri – əməkdar artistlər Ceyhun Qubadov, Viktoriya Şahmuradova və ansambl üzvləri “Uzundərə”, “Yüzbir”, “Qoçəli” kimi milli rəqslərimizlə mərasimə rəngarənglik bəxş ediblər.
Konsertin sonunda Azərbaycan və Fransa bayraqları “Azərbaycan” mahnısının sədaları altında səhnədə birlikdə dalğalandırılıb.
Tədbir çərçivəsində qonaqlar azərbaycanlı rəssamlar Mehri Quliyeva və Ruziyə Şabanovanın Novruz bayramına həsr etdikləri rəsm əsərlərindən ibarət sərgiyə də baxıblar.