VII Beynəlxalq “Kitab sənəti” müsabiqəsinin münsiflər heyətinin üzvü Çingiz Əlioğlu səfər təəssüratını bölüşdü
   
   Bugünlərdə Moskvada MDB ölkələrinin VII Beynəlxalq “Kitab sənəti” müsabiqəsi keçirilib. Müsabiqədə Mədəniyyət və Turizm Nazirliyinin Nəşriyyat sektorunun müdiri, Əməkdar incəsənət xadimi, şair Çingiz Əlioğlu iştirak edib. Məlumat üçün bildirək ki, Çingiz müəllim həm də müsabiqənin münsiflər heyətinin üzvüdür və hər il bu tədbirdə Azərbaycan kitabının təbliğ olunmasında, müxtəlif nominasiyalar üzrə ön yerlərə layiq görülməsində böyük zəhməti var. Onu da qeyd edək ki, qəzetimiz sözügedən müsabiqə ilə bağlı oxuculara mütəmadi məlumatlar verib.
   
   Ç.Əlioğlu ilə budəfəki görüşümüz bayram əhval-ruhiyyəsində oldu. Çünki Azərbaycan kitabı ilk dəfə olaraq MDB ölkələrinin VII Beynəlxalq “Kitab sənəti” müsabiqəsində ən yüksək mükafata - Qran-priyə layiq görülüb. Söhbət “Təhsil” nəşriyyatında çap olunan “Çərçivə” kitabından gedir.…
   Səfər təəssüratını bölüşən Çingiz müəllim öncə müsabiqə barədə məlumat verdi: “MDB İcraiyyə Komitəsinin nəzdində fəaliyyət göstərən “Dövri mətbuat, kitab nəşri, kitab yayımı və poliqrafiya məsələləri üzrə” Dövlətlərarası Şuranın təşəbbüsü ilə keçirilən “Kitab sənəti” beynəlxalq müsabiqəsində Azərbaycan hər il iştirak edir, müxtəlif diplom və mükafatlar qazanır. İndiyədək Heydər Əliyev Fondunun, Azərbaycan Mədəniyyətinin Dostları Fondunun nəşrləri, eyni zamanda “Təhsil”, “Aspoliqraf”, “Çinar-çap”, “Tutu” və digər nəşriyyatlar tərəfindən çap edilən kitablar müxtəlif nominasiyalar üzrə birinci, ikinci, üçüncü mükafatlara layiq görülüb. Bu ənənənin bünövrəsi Yaqub Mahmudov və Kərim Şükürovun “Təhsil” nəşriyyatında çap olunan “Qarabağ - real tarix, faktlar və sənədlər” kitabı ilə qoyuldu. Bu il isə uğurlarımızın yekunu olaraq Qran-pri mükafatını qazandıq”.
   Müsabiqəyə 10 ölkədən ümumilikdə 155 kitab təqdim edilib. Qaydalara uyğun olaraq münsiflər bütün kitabları gözdən keçiriblər və gizli səsvermə yolu ilə 9 nominasiyanın hər birinə 6 kitab seçərək 54 kitabdan ibarət “qısa siyahı”nı tərtib ediblər.
   Ç.Əlioğlu: “Mədəniyyət və Turizm Nazirliyinin “Əfəndi” nəşriyyatı ilə birgə layihəsi olan “Mədəniyyət” kataloqu 36 bal toplayaraq “Bizim müasirimiz” nominasiyasında üçüncü yerə layiq görüldü. Qeyd edim ki, bu nominasiyada olduqca zəngin nəşrlər var idi. Azərbaycan, rus və ingilis dillərində nəşr edilən “Mədəniyyət” kataloqunun tərtibatı, orijinallığı, mədəni həyatı dolğun ehtiva etməsi münsiflərin diqqətindən yayınmamışdı.”
   Müsahibimiz Miniatür Kitab Muzeyi tərəfindən nəşr edilən və “Həmrəylik” nominasiyasında ikinci yerə layiq bilinən 7 kitabdan ibarət miniatür nəşr seriyasından xüsusi olaraq söz açdı. Azərbaycan və rus dillərində çap edilən silsilənin böyük maraq doğurduğunu dedi.
   “Kitab sənəti-2010” müsabiqəsinin Qran-pri mükafatna layiq görülən “Çərçivə” kitabının müəllifi isə Çingiz müəllim özüdür. Yüksək zövq və peşəkarlıqla tərtib olunan kitabı yalnız poliqrafiya məhsulu adlandırmaq doğru olmazdı. Kitabın qara rəngli qabı üzərindəki incə işləmələri, barelyefvari yerləşdirilmiş fotoşəkli, eyni zamandı qabın içərisindəki lələyi, mürəkkəbqabını və orta əsr məktubları kimi silindrvari yığılmış kağızı əsl incəsənət nümunəsi adlandırmaq olar.
   Kitabda şair Ç.Əlioğlunun müxtəlif vaxtlarda qələmə aldığı şeirlər, xarici dillərə tərcümə olunan əsərləri, ona həsr olunan şeirlər, məşhur şəxslərin ona yazdığı məktubların fotosurətləri də dərc olunub. Fotoşəkillərin müəllifi şairin oğlu Orman Çingizoğludur.
   Fotoların bədii baxımdan yüksək səviyyədə olması kitabın zövqlü tərtibatını ustalıqla tamamlayır və onu mükəmməl yaradıcılıq əsərinə çevirir. 2 min nüsxə tirajla buraxılmış “Çərçivə” kitabı Ç.Əlioğlunun maraqlı ömür yolunu müxtəlif bədii versiyalarla göz önündə canlandırır.
   Azərbaycan kitabının bu uğuru şübhəsiz ki, bütün kitabsevərlərin qəlbində sabaha - ədəbiyyatımızın daha da tərəqqi edib dünya mədəniyyətinin ayrılmaz hissəsinə çevriləcəyinə sarsılmaz inam yaradır.