Pikassonun əsəri Fransada ərəb şeyxinin gəmisindən oğurlanmışdı

Pablo Pikassonun 1938-ci ildə çəkdiyi “Qadın büstü” əsəri 1999-cu ildə Fransada ərəb şeyxinin gəmisindən oğurlanmışdı. Uzun axtarışlardan sonra əsər Amsterdamda tapılıb. Rəssamın məşuqəsi Dora Maar təsvir olunan əsər 25 milyon avro dəyərində qiymətləndirilib.

Rəsm əsərinin sahibi Abdul Mohsen Abdulmalik onu 1980-ci ildə Nyu-Yorkda “Pace qalereyası”ndan alıb. 1999-cu il martın 11-də onun gəmisi Fransada gömrük nəzarətindən keçərkən əsər oğurlanmışdı. Sonradan məlum olub ki, həmin vaxt gömrük keçidində nəzarət kameraları söndürülübmüş. O vaxt sığorta şirkəti tərəfindən şeyxə 4 milyon avro ödənilmiş, rəsmdən isə bir xəbər çıxmamışdı.

Pikasso bu əsəri özü üçün çəkib, imzasını isə qoymayıb. Ancaq portretin arxasında “Pace qalereyası”nın möhürü olduğuna görə oğrular rəsm əsərini açıq bazarda sata bilməyiblər. Şeyx onu 80-ci illərdə həmin qalereyadan əldə edib.