UNESCO hər il aprelin 30-da qeyd olunan Beynəlxalq caz gününü Avstraliyada silsilə tədbirlərlə keçirməyi planlaşdırır.
UNESCO-nun baş direktoru Odri Azule və UNESCO-nun xoşməramlı səfiri Herbi Henkok Melburn Konservatoriyasında keçirilən mərasimdə tədbirlərin 190 ölkəni əhatə edəcəyini bəyan ediblər.
Qeyd olunub ki, Beynəlxalq caz günü çərçivəsində cazmenlərin ifası, tədris proqramları, ictimai xidmət təşəbbüslərinin həyata keçirilməsi nəzərdə tutulub. Avstraliyada keçirilən tədbirlərin kulminasiya nöqtəsi isə aprelin 30-da Hamer Hall İncəsənət Mərkəzində caz ulduzlarının iştirakı ilə keçiriləcək, BMT və UNESCO-nun saytlarında canlı yayımlanacaq böyük konsert olacaq.
Məşhur caz pianoçusu Herbi Henkok (ABŞ) və onu müşayiət edən Cems Morrison (Avstraliya) All-Star Global konsert zalında tamaşaçılara yeni və klassik caz nümunələrini təqdim edəcəklər. Digər caz ustaları – iranlı Cəvaş Arian, almaniyalı Till Brönner, çinli A Bu, rusiyalı İqor Butman, israilli Eli Degibri, yapon Eyijiro Nakaqava, livanlı Tarek Yamani də konsertdə iştirak edəcəklər.
Beynəlxalq caz günü UNESCO-nun xoşməramlı səfiri Herbi Henkokun təşəbbüsü ilə 2011-ci ildə təsis edilib.