Vyanada məruzə axşamı təşkil edilib
Aprelin 10-da Vyanadakı Azərbaycan Mədəniyyət Mərkəzində dahi şair və mütəfəkkir İmadəddin Nəsimiyə həsr olunmuş məruzə axşamı keçirilib.
Mərkəzin rəhbəri Leyla Qasımova “İmadəddin Nəsimi və onun dövrü” adlı tədbirdə çıxış edərək böyük söz ustadının Azərbaycan ədəbiyyatında yerindən danışıb. Qeyd edilib ki, Azərbaycan Prezidentinin sərəncamına uyğun olaraq bu il ölkəmizdə “Nəsimi ili” elan edilib və şairin yaradıcılığına həsr olunmuş müxtəlif tədbirlər keçirilir.
Sonra L.Qasımova tədbir iştirakçılarına almaniyalı alim, nəsimişünas Mixael Raynhard Hessi təqdim edib. Bildirilib ki, almandilli məkanda Nəsiminin tanınmış tədqiqatçısı mütəfəkkir şairin həyat və yaradıcılığına dair fundamental əsərlər yazıb, öz doktorluq dissertasiyasını bu mövzuya həsr edib. Təkcə Azərbaycan deyil, eyni zamanda, bir sıra türk dillərinə dərindən yiyələnən M.R.Hess Nəsimi yaradıcılığının alman dilinə mükəmməl tərcüməçisi kimi də tanınır. Həmçinin diqqətə çatdırılıb ki, bu kimi şairlərin əsərlərini tərcümə edərkən vəzn ölçüsünün düzgün transferi ilə yanaşı, müxtəlif məna çalarları və sanballı fəlsəfi çəkiyə malik misraların çevrilməsi dərin bilik, bədii duyum və peşəkarlıq tələb edir.
Sonra Mixael Hess məruzəsini təqdim edib. O ilk olaraq Nəsimi yaradıcılığının araşdırılmasında və tərcüməsində müasir problemlərə toxunub. Ümidvar olduğunu bildirib ki, “Nəsimi ili” bu sahəyə də öz töhfəsini verəcək.
Daha sonra Azərbaycanın yerləşdiyi coğrafi məkanda Orta əsrlərdə gedən tarixi proseslər, dövlətlər, monqol və Əmir Teymur işğalları barədə danışan alim Nəsimi və onun mənsub olduğu hürufilik fəlsəfi cərəyanını yetişdirən mühitdən bəhs edib. Bildirilib ki, Nəsimi hürufiliyin əsasını qoyan Fəzlullah Nəiminin öldürülməsindən sonra bu təriqətin aparıcı qüvvəsinə çevrilib. Şair türk (Azərbaycan) və fars dillərində qələmə aldığı divanı və missionerlik fəaliyyəti ilə bu təriqətin daha geniş coğrafiyada yayılmasına təkan verib.
M.Hess deyib ki, Nəsimi şeriyyətinin bədii keyfiyyəti və fəlsəfi görüşlərinin dərinliyi onu öz müasirlərindən ciddi şəkildə fərqləndirir. Eyni zamanda yaradıcılığında Azərbaycan dilinə geniş yer verən Nəsimi ana dilini yüksək ədəbi səviyyəyə qaldırıb, ana dilində poeziyada bədii-fəlsəfi şeirin əsasını qoyub. Qeyd edilib ki, məhz Nəsiminin sayəsində hürufilik təriqəti geniş ərazilərə yayılıb, onun fikirləri digər cərəyanlara öz təsirini göstərib və Nəsiminin fəlsəfi görüşləri bu gün də elmi dairələrdə müzakirə mövzusu olaraq qalmaqdadır.
Məruzə zamanı həmçinin Nəsimidən iqtibaslar əsasında onun dini-fəlsəfi görüşləri də təhlil edilib, müasir oxucu üçün şərhlər verilib.
Sonda diqqətə çatdırılıb ki, Nəsimi dühası, onun yaradıcılığındakı keyfiyyət və fəlsəfi görüşlər XXI əsrdə də öz aktuallığını qoruyur. Bu da bir tərəfdən oxucu auditoriyası üçün bədii zövq, digər tərəfdən isə elmi araşdırmalar üçün yeni stimul deməkdir.
Qeyd edək ki, Mixael Hess Heydər Əliyev Fondunun dəstəyi ilə İmadəddin Nəsimi yaradıcılığı haqqında kitablar yazıb, onun tərcüməsində dahi şairin şeirlər kitabı alman dilində işıq üzü görüb. Alim hazırda Nəsimi yaradıcılığı haqqında yeni kitab üzərində işləyir.