Amerikalı müğənni ölkəmizdə xeyriyyə məqsədli konsertlər verir

Amerikalı müğənni-bəstəkar Toni Memmeli aprelin 9-da “Park Bulvar” ticarət mərkəzində xeyriyyə konserti keçirib.

Konsert ABŞ səfirliyi, Təhsil və Əmək və Əhalinin Sosial Müdafiəsi nazirlikləri, Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin birgə dəstəyi ilə reallaşıb.

ABŞ səfirliyinin mədəni məsələlər üzrə müşaviri Haydi Smit bildirib ki, bəstəkar-müğənni Toni Memmeli Dövlət Departamentinin “İncəsənət elçisi” proqramının himayəsi ilə ölkəmizə gəlib. Bu proqram Amerika musiqiçilərinin mədəniyyətlərarası anlaşma və əməkdaşlığı inkişaf etdirmək üçün dünyanın müxtəlif ölkələrinə səfərlərini təşkil edir.

Toni Memmeli fiziki məhdudiyyətli musiqiçidir və onun proqramı belə insanların potensialını göstərir. O, anadangəlmə qolunun dirsəkdən aşağı hissəsinin olmamasına baxmayaraq, gitarada ifa etməyi təkbaşına öyrənib. 2013-cü ildə WAMI (Wiskonsın Bölgəsinin Musiqi Sənayesi) mükafatını qazanaraq Bon İver, Les Pol, Kori Çisel və Bo Dins kimi müğənni-bəstəkarlar sırasına qoşulub. Toni Memmeli qastrollarda iştirak edir, xarici ölkələrdə konsertlər verir.

O, həmçinin musiqi sahəsində bakalavr dərəcəsini qazanaraq klassik vokal üzrə ixtisaslaşıb. Memmelinin Azərbaycana səfər proqramına bir neçə təmənnasız konsert proqramı ilə yanaşı, fiziki məhdudiyyətli yerli musiqiçi və tələbələr üçün ustad dərsləri də daxildir.

Fiziki məhdudiyyətli uşaqların ifası ilə başlayan konsert Toni Memmelinin rəngarəng musiqi nömrələri ilə davam edib.

Amerikalı müğənni-bəstəkar Toni Memmelinin növbəti çıxışı aprelin 10-da Xaçmaz şəhərində olub. Şəhərdə Mərkəzi kitabxanadakı Amerika mərkəzində keçirilən konsertdə ifaçı rəngarəng musiqi nömrələri ilə dinləyicilərin zövqünü oxşayıb.

Amerikalı qonağın daha bir konserti aprelin 11-də Azərbaycan Musiqi Konservatoriyasında gerçəkləşib. Aprelin 12-də isə o, Salyan şəhərində konsert proqramı ilə çıxış edəcək.