Bəstəkar, pianoçu, Azərbaycanın Əməkdar artisti, Azərbaycan və Rusiyanın Bəstəkarlar ittifaqlarının, Leypsiqdəki İ.S.Bax adına Beynəlxalq Musiqi Cəmiyyətinin və Alman-Azərbaycan Forumunun üzvü Arif Mirzəyevin aprelin 10-da 75 yaşı tamam olub.
Müasir Azərbaycan dini-memorial orqan və polifoniya musiqisinin yaradıcısı olan bəstəkar Bakıda dünyaya gəlib, sonralar uzun müddət Moskvada yaşayıb, orqan musiqisinə, daha dəqiq desək, Bax musiqisinə olan sevgisi isə onun Almaniyaya köçməsinə səbəb olub.
Maestro deyir: “Bir vaxtlar özümə söz vermişdim ki, mütləq Baxın məzarını ziyarət edəcəyəm. Elə bu səbəbdən Almaniyaya yollandım, sonra isə orada həmişəlik qaldım. Amma doğma Bakıya da tez-tez gəlirəm. Yubileyimi də vətənimdə qeyd etməyi qərara aldım”.
A.Mirzəyev bəstəkarlıq sənətinə Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasında görkəmli bəstəkar Qara Qarayevin sinfində yiyələnib. P.İ.Çaykovski adına Moskva Konservatoriyasında N.Malinanın rəhbərliyi altında orqan sənətinin nəzəriyyəsi və tarixinə dair, habelə bu alətin ifası üzrə S.Dijurun yanında iki dəfə staj keçib. Yaradıcılığını pedaqoji fəaliyyətlə birləşdirib.
Polifoniya kimi ciddi musiqi texnologiyası ilə məşğul olmağa necə qərar verdiyi barədə sualı cavablandıran bəstəkar deyib: “Mənim atam lənkəranlı idi. O, XX əsrin əvvəlində Bakıya köçüb və öz vətəninə qayıdan almandan mənzil alıb. Mənzilin keçmiş sahibləri bizə təkcə antikvar mebeli yox, həm də musiqi alətlərini – “Bexteyn” royalı, “Linke-Berlin” pianosu, fleyta, arfa, klavesin və fisqarmoniyanı qoyub gediblər. Sonuncu mənim üçün əsas musiqi aləti oldu. Valideynləri ilə birlikdə yeddi uşaqdan ibarət olan bu ailə əsl ailə orkestri yaratmışdı. Həmin vaxt bir neçə musiqi alətinə malik olmaq çox nadir hadisə idi. Bizim ailədə də uşaqlar onlarla maraqlanmağa başladılar. Ailəmizdə iki bəstəkar – mən və qardaşım Musa (mərhum Xalq artisti Musa Mirzəyev – red.) yetişib”.
Bəstəkar bildirir ki, həyatının ən qiymətli səhifələrindən olan Moskva illərində ən böyük əsərlərini – “Yanvar mərsiyələri”, “Xocalı uşaqlarına layla”, orqan üçün “Şahzadə Dianaya sarabanda”, ABŞ-dakı 11 sentyabr faciəsinə həsr edilmiş kamera orkestri və iki solist üçün “Nyu-York mərsiyələri – 2001” və s. ərsəyə gətirib.
Bəstəkara şöhrət gətirən daha bir əsəri 1984-cü ildə yaratdığı “İ.S.Baxın xatirəsinə orqan simfoniyası” olub. Dahi alman bəstəkarının 300 illiyinə “ornamental-muğam, xoral və polifonik variasiyalar” formasında bəstələnmiş bu simfoniya son 20 il ərzində dünyanın müxtəlif ölkələrində səsləndirilib. Bəstəkar 1994-cü ildə Almaniyada “Bax-hauz” medalı ilə təltif edilib. A.Mirzəyevin Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin əziz xatirəsinə həsr etdiyi “Dahi Prezidentin ruhuna kədərli dua” əsəri on il əvvəl D.Şostakoviç adına Sankt-Peterburq Filarmoniyasında bəstəkarın 65 illiyinə həsr edilmiş orqan musiqisi axşamında ifa olunub.
A.Mirzəyev payızda Azərbaycanda öz əsərlərini təqdim edəcəyi simfonik və orqan musiqisi konsertləri verməyə hazırlaşır. O özünün 4 hissəli “İntibah-simfoniya” adlı son əsərini, habelə dahi Azərbaycan şairi Nizami Gəncəvinin yubileyinə həsr olunmuş “Adajio-875” adlı orqan üçün pyesini Bakıda ifa edəcək.