Aprelin 12-də Azərbaycan Dövlət Akademik  Filarmoniyasının Kamera və orqan musiqisi zalında “Klassik musiqi axşamı” layihəsi çərçivəsində növbəti konsert proqramı təqdim edildi. Gecədə P.İ.Çaykovski adına Moskva Dövlət Konservatoriyasının 4-cü kurs tələbəsi, pianoçu Nazxanım Dadaşova solo proqramla çıxış etdi.

Nazxanım Dadaşova P.İ.Çaykovski adına Moskva Dövlət Konservatoriyasının nəzdində musiqi məktəbini bitirib. 2010-cu ildə adı Azərbaycan gənc istedadlarının “Qızıl kitabı”na yazılmaqla Prezident təqaüdünə layiq görülüb. Beynəlxalq müsabiqə və festivalların qalibidir.

Klassik musiqi axşamında K.Debussinin “12 prelüd”, D.Şostakoviçin “Prelüd və Fuqa – d-moll”, Q.Qarayevin “Tsarskoe selo heykəli” əsərləri səsləndi. Tamaşaçı ilə ünsiyyət şəklində davam edən konsert böyük maraq və sevgi ilə qarşılandı. Çünki ifa etməzdən əvvəl gənc pianoçu hər bir əsər haqqında məlumat verir və öz düşüncələrini bölüşürdü. İfadan sonra isə tamaşaçılar öz təəssüratlarını dilə gətirirdilər. Hər bir əsərin öz tarixçəsi, hər bir dinləyicinin isə öz dünyası var. Həmin gecə Nazxanım Dadaşova uzaq illərdən müasir günümüzə boylanan notların harmoniyası ilə müasir insanın düşüncələrini bir araya gətirməyi bacardı. Dinləyicilər klassik musiqinin dərinliklərində ruhən rahatlıq tapdılar. Bunu gur alqışları da təsdiq edirdi.

Nazxanım Dadaşova Moskvada təhsilini davam etdirməklə yanaşı, vətəndə festival və konsert proqramlarında da çıxış edir. O, həmçinin Rusiyada Azərbaycanla bağlı keçirilən mədəni tədbirlərdə yaxından iştirak edir.

LALƏ