Dəhşətli yanğın Notr-Dam kilsəsinə böyük zərər vurub

Aprelin 15-də yerli vaxtla saat 19-da Parisdəki dünyaca məşhur Notr-Dam kilsəsində (Notre-Dame de Paris) başlanan yanğını yalnız doqquz saatdan sonra söndürmək mümkün olub.

400-dən çox yanğınsöndürənin mübarizə apardığı yanğın nəticəsində təkcə Fransanın deyil, Avropanın ən möhtəşəm tarixi-memarlıq abidələrindən biri, xristian-katolik dünyasının ən iri məbədlərindən olan binaya böyük zərər dəyib.

Alov təmir işləri üçün kilsənin damına yığılmış taxtalardan başlayıb və qısa müddətdə bütün binanı bürüyüb. Yanğın nəticəsində kilsənin ən hündür şpili və tavanı çöküb.

Yanğının davam etdiyi vaxt hadisə yerinə gələn Fransa Prezidenti Emmanuel Makron deyib: “Həmvətənlərimizin kədərini, daxili hislərini anlayıram.

Notr-Dam kilsəsi bizim tariximizdir. Bu tariximiz yanır. Lakin biz onu birlikdə yenidən tikəcəyik. Dünyanın bütün istedadlı memarlarını dəvət edərək bərpa edəcəyik”.

Yanğının uzun zaman davam etməsi və söndürülməsində vertolyotlardan istifadə edilməməsi suallar doğurub. Bununla bağlı açıqlama verilib ki, tonlarla suyun yuxarıdan binanın üzərinə tökülməsi onun daha çox zərər çəkməsinə, hətta uçmasına səbəb ola bilərdi. Kilsədə qədim dini sənət əsərləri yanğından mühafizə edilib.

Qeyd edək ki, Parisin tarixi simvolu olan, UNESCO-nun Dünya irsi siyahısına salınmış Notr-Dam kilsəsinin səkkiz əsrə yaxın tarixi var. Möhtəşəm memarlıq nümunəsi mərhələlərlə XII-XIV əsrlərdə (1163—1345) inşa edilib. XIX əsrdə uçub dağılmaq təhlükəsi ilə üzləşən tikilinin qorunub saxlanılmasında Viktor Hüqonun eyniadlı romanının işıq üzü görməsi də əhəmiyyətli rol oynayıb, bundan sonra kilsə binası əsaslı təmir olunub.

SƏBİNƏ