22-27 aprel tarixində Bakıda Heydər Əliyev Fondu, Mstislav Rostropoviç Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə X Beynəlxalq Mstislav Rostropoviç Festivalı keçiriləcək.

Festivalın tədbirləri Azərbaycan Dövlət Akademik Filarmoniyası, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı, Heydər Əliyev Sarayı və Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasında gerçəkləşəcək.

Festivalda Rusiya, İsveçrə, Almaniya, İspaniya, ABŞ-dan tanınmış kollektivlər və musiqiçilər – Boris Eyfmanın Sankt-Peterburq Dövlət Akademik Balet Teatrı, Mühchenklang Orkestri və Xoru, Lozanna Kamera Orkestri, pianoçular Boris Berezovski, Yefim Bronfman, Aleksandr Kantorov, skripkaçı Sergey Krılov, violonçel ifaçısı Pablo Ferrandez və başqaları iştirak edəcəklər. Xarici musiqiçilərlə yanaşı Azərbaycanın Xalq artisti Rauf Abdullayev, Əməkdar artist Fuad İbrahimov Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri ilə birgə çıxış edəcəklər. Konsert proqramlarında L.V.Bethoven, Y.Brams, C.Verdi, F.Şubert, K.Sen-Sans, P.İ.Çaykovski, S.Raxmaninov, A.Skryabin, Q.Qarayev, N.Metner, Q.Forenin əsərləri səslənəcək.

Dünya şöhrətli bakılı, maestro Mstislav Rostropoviçin (1927-2007) xatirəsinə həsr olunan musiqi festivalı paytaxtımızda 2007-ci ildən keçirilir. Festival konsertlərində görkəmli musiqiçilər, bədii kollektivlər, solistlər, dirijorlar iştirak edib.

X Beynəlxalq Rostropoviç Musiqi Festivalının açılış mərasimi aprelin 22-də Azərbaycan Dövlət Akademik Filarmoniyasında keçiriləcək.

Konsert proqramında Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri  (baş dirijor Rauf Abdullayev), solistlər Sergey Krılov (violin, Rusiya) və Aleksandr Kantorov (piano, Fransa) çıxış edəcək.