Aprelin 20-də Azərbaycan Dövlət Akademik Musiqili Teatrında görkəmli bəstəkar, Xalq artisti Ramiz Mirişlinin 85 illiyi münasibətilə sənətkarın “Amerikalı kürəkən” (libretto müəllifi Marat Haqverdiyev) musiqili komediyası nümayiş olunacaq.
Qeyd edək ki, 2010-cu ilin mayında teatrın repertuarına daxil olan səhnə əsəri artıq 53-cü dəfə nümayiş olunacaq. Tamaşanın quruluşçu rejissoru Xalq artisti İlham Namiq Kamal, quruluşçu dirijoru Əməkdar incəsənət xadimi Nazim Hacıəlibəyov, səhnə tərtibatçısı Əməkdar rəssam Nabat Səmədova, quruluşçu baletmeysterləri əməkdar artistlər Zakir və Leyla Ağayevlər, xormeysteri Əməkdar artist Vaqif Məstanov, rejissor assistenti Tamilla Aslanovadır.